Breaking News :

nothing found
18 October 2019

Bir ilə 1.5 milyard avro — Avropa İttifaqı Paşinyanların korrupsiya mexanizmini ifşa edir

Ermənistanın yeni baş naziri Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı Anna Hakobyan tərəfindən idarə olunan korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesablar yer alır

Keçən il Bakıda keçirilən Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik dialoqunun mediada müzakirəsi zamanı çıxışımda demişdim ki, Cənubi Qafqazda mövcudluğu və maraqları olan hər bir qlobal güc mövcudluğunun legitimləşməsi üçün regionda sülhün bərqərar olunmasında məsuliyyəti bölüşməli və beynəlxalq hüququn və ədalətin bərpası üçün səylərini əsirgəməməlidir.

Avropa İttifaqı üçün Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyin və inkişafa maneə törədən əsas məqamdır. Bildirmişdim ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar edilməsində maraqlı tərəf olsa da, regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil, lakin Aİ-də regionun əsas qaynar ocağı olan Dağlıq Qarabağ münaqişəsində sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə edilə biləcək İNFORMASİYA-lar, diplomatik və iqtisadi rıçaqlara malikdir.

Avropa İttifaqının malik olduğu həmin rıçaqlarından biri informasiya aləti haqda geniş bəhs etmək istərdim (silsilə olaraq hamısı haqqında yazılarım olacaq).

Son aylar az qala bütün dünyanı cənginə almış və Ermənistan dövlətinin rəsmi strukturlarına bağlı mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəaliyyəti haqqında müxtəlif Qərb nəşrlərində çoxsaylı ifşa məlumatları getmişdir.

Bu ilin yanvar ayında Britaniyalı araşdırmaçı yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Ermənistan dövlətinə bağlı, Azərbaycanın işğal olunmuş ərazilərində fəsadları Qafqazdan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlər və cinayətkar şəbəkə ifşa edildi, fevral ayında silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research” mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşımasında iştirakı ifşa edildi, martın 4-də isə OCCRP- Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə əlaqələrindən sui-istifadə edərək ölkədən 9 milyard dollarlıq vəsaiti çıxarması ifşa olundu və s.

Bu il martın əvvəlində bu ifşaların sirasına daha ciddisi əlavə olundu. Niyə daha ciddi adlandırıram, çünki əgər bundan öncə ifşaların ünvanı hər nə qədər nüfuzlu olsa belə sadəcə təhlükəsizlik üzrə müxtəlif QHT-lər idi, bu dəfə isə növbəti bir ifşa Aİ-nin Brüssel ofisindən gəldi. Belə ki, martın əvvəlində Aİ Brüsseldə öz siyasi və iqtisadi institutları üçün tərtib etdiyi, Ermənistan hökuməti və hakim ailəsi haqqında koorupsiya faktları ilə bağlı gizli hesabat paylaşıb.

Brüsselin paylaşdığı gizli hesabatda korrupsiyaya qarşı mübarizə şüarları altında hakimiyyətə gələn Ermənistanın yeni baş naziri Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı Anna Hakobyan tərəfindən idarə olunan korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesablar yer alır. Köçürmələrin ümumilikdə həcmi nə az nə çox 1,5 milyard avroluq bir məbləği əhatə edir.

Hesabatdan aydın olur ki, bu ilin yanvar ayında Davos Forumunda iştirak adı ilə Sürixdə olan Anna Hakobyan bu fondların yaradılması və idarə olunmasında fəal iştirak edib. Annaya bu məsələlərdə Ermənistanın bir çox nüfuzlu rəsmisi ilə uzun illərdir şübhəli kontaktda olan İsveçrəli bir iş adamı vasitəçilik edir. 1 mart tarixinə olan məlumatlara əsasən Ermənistanın baş nazirinin həyat yoldaşı Anna tərəfindən birbaşa və ya dolayısı nəzarət edilən hesablarda ümumi məbləğ nə az nə çox 1,5 milyard avroya çatib…

Hesabatda həmçinin son aylar demokrat qılığına girmiş Paşinyan və hökumət üzvlərinin daha açıq şəkildə siyasi opponentləri həbs etməklə, mövcud və potensial rəqiblərinə qorxulu mesajlar göndərməklə, cinayət təqibi, biznes mühakiməsi təhdidi ilə köhnə səlahiyyətlilər və oliqarxlardan müxtəlif fondlara böyük miqdarda pul köçürülməsi tələb etməsini həyata keçirilməsi öz əksini tapıb.

Hesabata görə, son 3 ayda Ermənistanın baş nazirinin həyat yoldaşının idarə etdiyi fondlara öz şəxsi və ofşor hesablarından pul köçürən sabiq və indiki vəzifəli şəxslər arasında Ermənistanın keçmiş baş ədliyyə icraçısı və parlament üzvü Miqran Poqosyan, sabiq maliyyə naziri və Dövlət gəlirləri komitəsinin sabiq sədri Gagik Xaçatryan, iri biznesmen və deputat Samvel Aleksanyan, nəqliyyat və kommunikasiya naziri Gagik Beglaryan, Dövlət Gömrük Komitəsinin sabiq sədri Vardan Harutyunyan, iri sahibkar və ”Çiçəklənən Ermənistan Partiyası“nın qurucusu, deputat Gagik Tsarukyan və başqa onlarla şəxslərin adı keçir.

Hesabat adları keçən şəxslərin köçürmələri, göstərilən şəxslərin hesablarının bank sənədləri ilə sənədləşdirilmişdir.

Martın əvvəlində Brüsseldə paylaşılan gizli hesabat haqqında cüzi məlumatlar nüfuzlu və etibar olunan mediaya sızdırılmışdır. Aİ ölkələrində enerji, müdafiə və təhlükəsizlik sahəsində problemləri işıqlandıran “Eutoday” saytı bu haqda məlumat paylaşmışdır. Həm də maraqlıdır ki, yazının müəllifi Aİ institutlarında uzun illər, Avropa Parlamentində 10 ildən çox siyasi qruplar üzrə fəaliyyət göstərən, enerji və müdafiə sektorunda təhlükəsizlik üzrə ekspert Harri Kartraytdır (Gary Cartwright).

Beləliklə, Aİ Brüsseldə öz siyasi və iqtisadi institutları üçün tərtib etdiyi, Ermənistan hökuməti və hakim ailəsi haqqında koorupsiya faktlarını ifşa edən gizli hesabatını yenə də öz nüfuzlu və etibar edilən saytı ilə sızdırmaqla əslində Cənubi Qafqazda təhlükəsizliyə əsas hədə olan Ermənistana mesaj göndərir.

Bu isə yuxarıda vurğuladığım kimi, Aİ üçün strateji önəm daşıyan regionun əsas qaynar ocağı olan Dağlıq Qarabağ münaqişəsində sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi yararlana biləcək riçaqların-informasiyaların istifadəsinin bir nümunəsidir.

Nəzərə alsaq ki, Azərbaycan strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi naminə malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadəsində israrlıdır, onda cinayətkar Ermənistan dövlətinin silsilə ifşası həm də Azərbaycana verilən pozitiv mesaj kimi oxuna bilər.

Yeganə Hacıyeva,

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ekspert

Yegana Hajiyeva

Read Previous

Ermənilərin çirkli oyunu və ifşa olunan yalanlar

Read Next

Paşinyan hökumətinin daha bir müəmması – Rəsmi məlumatlar niyə təhrif edilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir