Breaking News :

nothing found
14 December 2019

ABŞ-İran qarşıdurması region və qonşu dövlətlər üçün nələri vəd edir

 

Hal-hazırda biz ABŞ və İran –ın Yaxın Şərq regionunda nüfuz mübarizəsinin növbəti pilləsinin şahidiyik. Ümumiyyətlə isə bu prosesləri ABŞ-ın Rusiya və İran arasında qlobal səviyyədə qarşıdurmasının növbəti raundu da adlandıra bilərik. Bu günlərdə hamını düşündürən suallar var: ABŞ-İran qarşıdurması və bu qarşıdurma region və qonşu dövlətlər üçün nələri vəd edir,  Azərbaycanın zərərinə və xeyrinə olan məqamlar hansılardır və s.
Proseslə yaxından tanış olmaq üçün qarşıdurmanın getdiyi Yaxın Şərq regionu və bu regionun geosiyasi, iqtisadi və hərb-strateji əhəmiyyəti haqqında söz açmaq yerinə düşər. Yaxın Şərq unikal mineral ehtiyatların, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən regiondur. Yaxın Şərq regionundan dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçir. Yaxın şərq həmçinin dünyada sülhə və təhlükəsizliyə hədə yaradan siyasi və dini ekstremizmin, çoxlu sayda terror təşkilatının fəaliyyət göstərdiyi və oradan da dünyaya yayıldığı bir regiondur.
ABŞ üçün Yaxın Şərq regionu və bu regiona nəzarət məqsədi ilə qurduğu siyasət strateji və həyati əhəmiyyətlidir: “Yaxın Şərq regionu və bu regionda baş verənlər ABŞ üçün iki istiqamətdə xarici və daxili-milli təhlükəsizlik istiqamətində əhəmiyyət kəsb edir. ABŞ Yaxın Şərq regionuna yönəlik siyasətini iki aspektdən daxili və xarici aspektdən formalaşdırır. ABŞ-ın Yaxın Şərq siyasəti iqtisadi və təhlükəsizlik-milli və qlobal maraqları üzərindən qurulub. Yaxın Şərq ABŞ üçün həm də milli təhlükəsizliyinə təhlükə yaradan terror qruplarının fəaliyyət göstərdiyi bir mərkəz kimi görülür. Eyni zamanda bu bölgə ABŞ üçün NATO-ya bitişik, alyans üzvlərinin asılı olduğu enerji resurslarının ən vacib mənbəyi olan, mühüm coğrafi-strateji qeyri-Avropa regionudur. ABŞ-ın Yaxın Şərqdəki xarici siyasətinin mühüm elementi Amerikanın əsas strateji tərəfdaşı və müttəfiqi-İsrail dövləti və onun təhlükəsizliyidir. Məhz bu məqam ABŞ-ın daxili siyasətinə təsir edə bilən, daxildə siyasi institutları hərəkətə gətirə bilən bir məqamdır.
Yaxın Şərq regionunda ABŞ-dan qat-qat güclü, regionda siyasi və təhlükəsizlik dayaqlarına malik, görünən və görünməyən kənar güclər mövcuddur: “Orada siyasi və təhlükəsizlik dayaqlarına malik görünən güc Rusiyanın, hibrid iqtisadi və maliyyə siyasəti ilə Çinin mövcudluğu var. ABŞ Yaxın Şərqdə bu iki güc arasında qlobal iqtisadi və qlobal təhlükəsizlik sahəsində öz balansını qoruyur.
ABŞ üçün belə bir strateji regionda siyasətini yürüdülməsində əsas maneə əlbətdə İran dövlətidir.
İran regionda söz sahibi bir dövlətdir, bu dövlətin öz daxili siyasəti üçün cəmiyyəti birləşdirən ideologiyasının ana xəttini dinlə bərabər, həm də ABŞ a nifrət təşkil edir, doktrinasında ABŞ-ı öz milli maraqlarına təhlükə hesab edir. Yaxın Şərq regionunun açar hissəsi olan Fars körfəzi bölgəsində konfliktlərin çoxunda, regionda stabilliyə təhlükə olan bir çox radikal-hərbi qruplaşmaların yaranmasında və dəstəklənməsində İranın rolu və xidməti danılmazdır. Bütün bunlar İranın xarici siyasətinin bir hissəsini və dövlət olaraq təhlükəsizliyinin nüvəsini təşkil edir.

Yaxın Şərqdən sonra ikinci strateji region qitələrarası qovşaq, tampon zona və keçid adlandırdığımız ”  Yaxın Şərq Asiya və Avropa arasında komunikasiyaların keçdiyi region Cənubi Qafqazdır.
Cənubi Qafqazın strateji ölkəsi olan , nüfuzlu iqtisadi, siyasi mərkəzi kimi Azərbaycan ancaq öz milli maraqlarına xidmət edən balanslı, çoxvektorlu xarici siyasət həyata keçirir, istər İran , istərsə də ABŞ-la öz maraqlarımızın ətrafında qarşılıqlı faydalılıq əsasında əməkdaşlıqda maraqlıdır.

ABŞ üçün Azərbaycan həm də Avropa ilə Asiya və Yaxın Şərq region arasında mühüm nəqliyyat dəhlizi olan və Yaxın Şərq regionunda söz sahibi olan güclər-Rusiya və İranın sərhədlərində yerləşən tərəfdaş ölkədir.
ABŞ-İran qarşıdurmasında da Azərbaycanın zərərinə və xeyrinə olan məqamlar var: “İranın enerji sektoruna tətbiq olunan sanksiyalar nəinki Azərbaycan, dünyada enerji ixracatçısı olan istənilən ölkənin mövqeyinin möhkəmlənməsinə təsir edən məqamdır. İranın Hörmüz boğazına nəzarəti bərpa etmək məqsədinin elan edilməsi belə, dünyada enerji və enerji məhsullarının qiymətinin artması ilə nəticələndi. Bunun həyata keçməsi isə əlbəttə, qiymətləri daha da artıracaq addım ola bilər. ABŞ-İran qarşıdurmasından Azərbaycanın əldə edə biləcəyi üstünlüklər tək bununla yekunlaşmır. Digər siyasi məsələlər də var ki, onların həlli gözləntiləri mövcuddur. Onu da qeyd edim ki, söhbət siyasi-iqtisadi qarşıdurmadan gedir.
Azərbaycanın ABŞ-İran arasında siyasi qarşıdırmadan qazana biləcəyi nüanslar var, hərbi qarşıdurma isə bizim üçün, region üçün arzuolunmaz nəticələr verə bilər. Azərbaycan olaraq biz bunda maraqlı deyilik.

Sonda isə ABŞ İran qarşıdırmasının bu raundunun müharibə ilə nəticələnməyəcəyinə əminəm. Ümumilikdə ABŞ-ın Fars körfəzinə hərbi qüvvələrini artırması və ya hərbi təlimləri müharibəyə hazırlıq və ya İrana birbaşa hərbi müdaqxilə kimi görsənmir, yalnız güc nümayişi kimi görsənir. Adətən ABŞ intervensiya öncəsi özünü fərqli aparır.

Yeganə Hacıyeva, 

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert, 

17.05.2019

Yegana Hajiyeva

Read Previous

Avropa Birliyinin ” nə şiş yansın, nə kabab” siyasəti…

Read Next

Prezidentin Brüssel zəfəri…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir