Breaking News :

nothing found
14 December 2019

Fransa məhkəməsinin antierməni demarşı ilə Mehriban Əliyevanın səfəri arasında əlaqə

Məlum olduğu kimi, mayın 30-da Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib. Sözügedən “sənəd” Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və “sənəd” imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülüb. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edib və separatçılarla bir sıra görüşlər keçiriblər. Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilən qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətlər verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Ondan sonra gedən proseslər, göründüyü kimi, Azərbaycanın xeyrinə nəticələndi və Fransa məhkəməsi ədalətli qərar çıxardı. Belə bir obyektiv qərarın çıxarılması şübhəsiz ki, Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. İki ölkə əlaqələrinin möhkəmlənməsi istiqamətində bir sıra mühüm addımların atıldığını xüsusilə qeyd etmək olar. Qeyd edək ki, bu ilin mart ayında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın  Fransaya səfəri reallaşdı. Həmin səfər zamanı onun Fransanın ali rəhbərləri ilə işgüzar görüşləri keçirildi. Məhz həmin səfərdən sonra Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan nisbi soyuqluğa son qoyuldu, bir sıra məsələlərlə bağlı mövqelər aydınlaşdırıldı. Artıq həmin səfərdən doğan nəticə özünü Fransa məhkəməsinin qəbul etdiyi obyektiv qərarda da göstərmiş olub. Bu baxımdan da Mehriban xanım Əliyevanın son Fransa səfərini iki ölkə münasibətlərinin yaxşılaşması istiqamətində mühüm amil kimi dəyərləndirmək olarmı?

Fransa həmsədr ölkə kimi  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli istiqamətində uzun illərdir fəaliyyət göstərir: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın əsas vəzifəsi, əlbəttə, beynəlxalq hüquq çərçivəsində Ermənistan-Azərbaycan konfliktinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu illər ərzində Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyətini iki: aktiv və nisbətən passiv fazalara bölə bilərik. 2000-ci illərə qədər davam edən aktiv fazada həmsədr ölkə kimi Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllinə dair “paket”, “mərhələli”, “ümumi dövlət” ideyasının əsas  müəlliflərindən olub. Passiv faza adlandırdığımız daha sonraki illərdə isə ATƏT-in Minsk Qrupu həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təklifləri və qrupun digər həmsədr ölkələrinin təklifləri əsasında aparılan fəaliyyətin ümumi dəstəkçisi olub”.

Politoloqun qənaətincə, Fransa Avropada ermənilərin kompakt yaşadığı bir ölkə kimi erməni lobbisinin fəaliyyətindən də kənarda qalmayıb, zaman-zaman seçkilər ərəfəsındə siyasi spekulyasiyalara yol açan “erməni soyqırımı” məsələsi bu ölkənin xarici siyasətinin formalaşmasına da müəyyən qədər təsir edib: “Bu səbəbdən də mövzu ətrafında gedən proseslər ərəfəsi Ermənistanı birmənalı şəkildə dəstəkləməsi ATƏT-in Minsk Qrupundakı həmsdər ölkə kimi Fransanın mandatı ilə ziddiyyət təşkil edib və bizdə fəaliyyətinin ədalətli olması istiqamətində şübhələr oyadıb. Ümumilikdə, Fransanın Dağlıq Qarabağ konfliktinin həllinə yanaşması 3 istiqamət ətrafında formalaşır. Birinci, Fransa dövlətinin ümumi Qafqaz siyasəti ətrafında formalaşan maraqları çərçivəsində. İkinci, Fransanın Avropa Birliyi çərçivəsində birliyin Cənubi Qafqaz maraqları ətrafında formalaşan siyasəti. Üçüncü isə Fransanın Azərbaycanla dövlətlərarası qarşılıqlı maraqları çərçivəsində formalaşan siyasəti. Bir məsələni konkret qeyd etmək istəyirəm, uzun illər ərzində Fransanın daxildə erməni lobbi qrupu faktoru, onlarla əməkdaşlıq edən müxtəlif siyasi qrup üzvlərinin səbəb olduğu Dağlıq Qarabağ ətrafında ermənipərəst yanaşma görüntüsü Fransa dövlətinin xarici siyasətinə tam təsir edə bilməyib. Ancaq belə cəhdlər olub. Fransanın hansısa subyektlərinin Azərbaycanın ərazilərini işğal edən  separatçı qurumla “bərabərhüquqlu” müqavilələr imzalaması kimi faktlar təbii ki, iki ölkə arasındakı ziddiyyətləri dərinləşdirən amil sayıla bilər. Düzdür, Fransa hakimiyyəti belə hallarda məsuliyyəti yerli subyektlərin üzərinə atmağa çalışsa da, bu, iki ölkə arasındakı münasibətlərə mənfi mənada təsir edə bilən faktordur. Təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasında yüksək ölkə rəsmilərinin qarşılıqlı səfərləri də önəmli rol oynayır. Bu baxımdan ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya son səfərini xüsusi qeyd etmək yerinə düşər. Onun Fransa siyasi istebleşmenti ilə keçirilən görüşlərində Dağlıq Qarabağ konfliktinin tarixi, konfliktin dərinləşməsinin və mövcud status-kvonun qlobal və regional təhlükəsizlik, enerji məsələlərinə hansı hədələr yaratması, konfliktin ədalətli həllinin Fransa və Avropa Birliyinin Cənubi Qafqaz maraqlarına necə müsbət təsir edə biləcəyi haqqında reallıqları xatırladılıb. Görüşlərin nəticəsi olaraq Fransa rəsmiləri regional təhlükəsizliyə hədə olan konfliktin həlli ilə bağlı öz səylərini əsirgəməyəcəyini bildiriblər. Fransa məhkəməsinin qəbul etdiyi obyektiv qərardan da görünür ki, həmin Avropa ölkəsi Azərbaycanla münasibətlərin daha yaxşı məcrada davam etməsində maraqlıdır”.

Bakı Xəbər Qəzeti-nə  müsahibəm,

07.06.2019

Yegana Hajiyeva

Read Previous

Hacı Muradın nəşi üzərindən Azərbaycana qarşı təhlükəli oyun…

Read Next

50 illik qadağanın sirləri…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir