Breaking News :

nothing found
14 November 2019

ABŞ-dan gözlənilməyən – təcavüzkar Ermənistana demokratiya adı ilə 40 milyon dollar yardım…

İqtisadiyyatı tamamilə məhv olan Ermənistan mövcudluğunun yeganə yolunu xaricdən ianələrin cəlbində görür. Çox maraqlıdır ki, belə ianələrin işğalçı ölkəyə verilməsi İrəvana işğalı davam etdirməyə əlavə stimul verir. Növbəti pul tranşını ABŞ ayırıb.

ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardımı nəzərdə tutan düzəlişi təsdiqləyib. Bu barədə erməni saytları məlumat yayıblar. Bu düzəliş Konqres üzvü, erməni məsələləri üzrə komitənin həmsədri Ceki Spiyer tərəfindən təklif edilib: “Konqresin bu düzəlişi təsdiqləməsi o deməkdir ki, ABŞ Ermənistanın demokratik tərəqqi yolunda irəliləməsini dəstəkləyir və onunla davamlı institutların qurulması yönündə işləri davam etdirəcək”.

Spiyer xarici yardım haqqında qanun layihəsinə düzəlişi 2020-ci fiskal ili üçün təklif edib.  Layihənin lehinə 268, əleyhinə 152 konqresmen səs verib.

Çox maraqlıdır, təcavüzkar bir ölkədə hansı demokratiyadan söhbət gedə bilər ki, ABŞ ora belə diqqət edir?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ konqresmeni C.Spiyer etnik erməni olmaqla Amerika Erməni Assambleyasının üzvü və ABŞ Konqresində fəalıyyət göstərən Amerika Erməni Milli Komitəsinin, bir sözlə, ABŞ-dakı erməni lobbisinin aktiv simalarındandır: “ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistana ayırdığı əlavə 40 milyon ABŞ dolları məbləğində maliyyə yardımının təyinatı da çox maraqlıdır. Bu məbləğdə maliyyə məhz Ermənistanda guya demokratiyanın qorunması istiqamətində ayrılıb. Maliyyə yardımı Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupu – Amerika Erməni Milli Komitəsinin fəaliyyəti nəticəsində qəbul olunub. Bu mövzuda şərhimi iki istiqamət üzərə vermək istəyirəm. Əvvəlcə maliyyənin təyinatı – yeni Baş nazir Paşınyan və ya komandası haqqında demokrat və ya demokratik dəyərlərə sadiq komanda olmasi iddiasi gülüncdür. Küçə iğtişaşları ilə hakimiyyəti devirərək, ardınca ölkənin qanunverici və icraedici orqanlarını ələ keçirmiş Paşınyan seçkilərdə hüquqi dövlətin idarəetmə prinsipinin nüvəsi olan siyasi plüralizmə zidd, parlament fraksiyalarını seçkidə öz namizədini irəli sürməmək haqqında iltizam verməyə məcbur etmiş, hakimiyyətinin ilk günlərindən həbslər və təzyiqlər vasitəsilə siyasi və iqtisadi opponentlərini zərərsizləşdirmək siyasəti yürütmüş, siyasi opponentlərini həbs etməklə seçki marafonundan kənarlaşdırıb. Ölkədə korrupsiyaya qarşı mübarizə, yeni vergi islahatları adı altında rəqib siyasi qrupların iqtisadi rıçaqlarını sıradan çıxarmış və ən əsası ölkədə iqtisadi resursların və mülkiyyətin yeni və qanunsuz bölüşdürülməsi istiqamətində sistemli fəaliyyət göstərən və bu “islahatlar”da əsas hədəf olaraq keçmiş hakim klanın nüfuzlu iqtisadi və siyasi simalarını “zərərsizləşdirmə” siyasəti yürüdülür”.

Xanım politoloqun sözlərinə görə, paralel olaraq nüfuzlu beynəlxalq qurumların Ermənistan hökuməti və hakim ailəsi haqqında korrupsiya faktları ilə bağlı gizli hesabat paylaşıb: “Bu hesabatda korrupsiyaya qarşı mübarizə şüarları altında hakimiyyətə gələn Ermənistanın yeni Baş naziri Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı tərəfindən idarə olunan korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesablar yer alır. Köçürmələrin, ümumilikdə, həcmi nə az nə çox, 1,5 milyard avroluq bir məbləği əhatə edir. Eynilə son bir ildə Paşinyan və hökumət üzvlərinin daha açıq şəkildə siyasi opponentləri həbs etməklə, mövcud və potensial rəqiblərinə qorxulu mesajlar göndərməklə, cinayət təqibi, biznes mühakiməsi təhdidi ilə köhnə səlahiyyətlilər və oliqarxlardan bu fondlara böyük miqdarda pul köçürülməsi tələb etməsi də öz əksini tapıb. Belə şəxslərin sırasında Ermənistanın keçmiş baş ədliyyə icraçısı və parlament üzvü Miqran Poqosyan, sabiq maliyyə naziri və Dövlət gəlirləri komitəsinin sabiq sədri Gagik Xaçatryan, iri biznesmen və deputat Samvel Aleksanyan, nəqliyyat və kommunikasiya naziri Gagik Beglaryan, Dövlət Gömrük Komitəsinin sabiq sədri Vardan Harutyunyan, iri sahibkar və ”Çiçəklənən Ermənistan” partiyasının qurucusu, deputat Gagik Tsarukyan və başqa onlarla şəxsin adı keçir”.

Yeganə Hacıyeva bildirdi ki, Ermənistanda parlamentin Baş nazir və yeni hökumətə yönəlik dezinformasiya ilə mübarizə adı altında sosial media və saytların imkanlarının limitlənməsi ilə nəticələnən kütləvi informasiya vasitələri haqqında yeni qanun qəbul etməsi demokratiya və ifadə azadlığının baza prinsiplərinə birbaşa ziddir: “Bu qanun Ermənistanin daxilində belə Paşınyanın şəxsən özünün müdafiəsi üçün medianın limitlənməsi addımı kimi qəbul olundu. Şərhimin ikinci hissəsi isə məhz yenə də ANCA – Amerika Erməni Milli Komitəsinin ümumi fəaliyyəti haqqındadır. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupunun fəaliyyəti, bəzən isə kriminal addlmları hesabına ABŞ vergi ödəyicilərinin vəsaitinin ABŞ-ın Cənubi Qafqazda maraqlarına zərər vuran bir ölkəyə ayrılması ilk dəfə deyil. Məsələ ondadır ki, AEMK-in konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistanın ABŞ-ın müttəfiqi olmadığını, onun dəyərlərini bölüşmədiyini, Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqi olmasına dair fakt mövcuddur. Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır. Hər iki ölkəyə ABŞ-ın sanksiyaları tətbiq olunur. Həmçinin, AEMK-in lobbiçilik fəaliyyətinin regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükə yaratdığını iddia edə bilərik. ABŞ Konqresindən maliyyələşən bu lobbiçilik ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyəcək. Bu, Rusiyanin və İranın maraqlarına daha yaxın olan, regionda ABŞ-ın əsas strateji tərəfdaşı Azərbaycana qarşı olan fəaliyyətdir. Bütün bunlar ABŞ-ın xarici siyasət konsepsiyasındakı Cənubi Qafqaz siyasətinə daban-dabana ziddir və ABŞ-ın ATƏT-in Minsk Qrupundakı missiyasına şübhə salır.

Yegana Hajiyeva

Read Previous

H. Hacıyevin Vaşinqton səfəri təsadüf deyildi…

Read Next

Son kadr dəyişiklikləri nəyə XİDMƏT EDƏCƏK? – Ciddi SƏBƏBLƏR VAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir