Breaking News :

nothing found
18 October 2019

Siyasət şoumenlərinin cəmiyyətə, xalqa və dövlətə qarşı müxalifəti…..

Son aylar Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan və  iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatların artmasının şahidi oluruq. İlk önəcə bu ilin aprel ayında Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında qonşu ölkənin şübhəli qruplarının ölkələrarası gərginlik yaratma cəhdlərinin şahidi olduq. Ardınca isə iyulun 14-ü Gürcüstanda keçirilən Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransdan cəmi iki gün sonra  Gürcüstan Azərbaycan sərhədində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları  tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi. Elə ilk dəqiqələrdən bu insidentin də ondan öncəki hadisə kimi iki ölkə arası münasibətlərin korlanmasına yönəlik təxribat olması heç bir şübhə doğurmadı.

Hər iki təxribat strateji tərəfdaş dövlət  -Azərbaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə zərərsizləşdirildi. Lakin paralel olaraq hər iki ölkədə   radikal müxalif və şübhəli siyasi qruplarının Azərbaycan və Gürcüstan cəmiyyətinə yönəlik körükləyici  kampaniyalarının , hər nə qədər təəccüblü olsa da yerli və beynəlxalq  QHT- lərin  təhrikçi aksiyalarının , siyasi “şoumen”lərin pafoslu çağırışlarının və müxalifətin prosesdən ucuz siyasi dividend qazanmağa hesablanmış aksiyalarının şahidi olduq. Bütün bu aksiyaları bir növ artıq adət halını almış,  sosial media üzərindən  şübhəli səhifələrdən insidentin  “sızdırılan” detalları üzərində qurulan  təbliğatla müşayət olunmasını  izlədik.

Sırf Azərbaycan haqqında danışsaq, həssas dövrlərdə bu siyasi və siyasiləşmiş QHT qruplarının sosial mediada  şübhəli səhifələrdən “sızdırılan” məlumatları tirajlamaqla  təbliğat qurması ilk hal deyildi. Biz bu “koalisiya” nin birgə fəaliyyətini daha öncələr istər Gəncə terror hadisəsi, istər texnogen qəzalar, istər  Hacı Muradın qəbrinin ekshumasiyası, istərsədə cəmiyyətin diqqətini çəkən diğər həssas mövzularla bağlı hadisələr zamanı şahid olmuşuq. Qonşu ölkədə isə eyni ərəfələrdə oxşar dairələrin eyni üsul və alətlərlə güya Azərbaycanın bu ölkədəki  enerji kapitalını  siyasi kapitala çevirmək planının mövcud olması, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı siyasətinin isə Gürcüstanı Azərbaycandan enerji asılılığına salmaq istiqamətində qurulması kimi təxribatçı təbliğat üzərindən aparılır. Qeyd edim ki, məhz bu mövzular ətrafında təbliğat uzun zamandır ki,  Gürcüstanda münasibətlərin korlanmasına çalışan şübhəli qrupların sevimli məşquliyyətidir.   Münasibətlərin korlanmasına yönəlik cəhdlərdə  Gürcüstan cəmiyyətinin və sosial mediasının  erməni seqmentinə göydən düşmə şans kimi Keşikçi Dağı mövzusu ətrafında Azərbaycana qarşı ikinci cəbhə yaratmaq məqsədi ilə səfərbər olmasını da xüsusi qeyd etmək istəyirəm.

Həmçinin artıq 2 aydır qonşu ölkədə davam edən siyasi proseslərə, xüsusi ilə sərhəddəki təxribatdan sonra adətən siyasi passiv elektorat olan, ancaq seçkıdən seçkiyə aktivləşən etnik Azərbaycanlı Gürcüstan vətəndaşlarının cəlb olunması cəhdləri də müşahidə etməkdəyik. Bu cəhdləri istər yerli gürcü mediasında bir sıra “ziyalı”, “tarixçilərin”, eks rəsmilərin ifadələrində,  sosial mediada, istərsə də Azərbaycanda mühacir və kənar təsir mediası kimi tanınan saytlarda izləməkdəyik.

Burada bir haşiyə də çıxım ki, son illərin qlobal səviyyədə internet resursların lokal siyasi sistemlərə sirayətinin gətirdiyi bəzi “üstünlük”lər də var. Məsələn, məhz belə həssas ərəfələrdə daxili siyasi qruplar və siyasiləşmiş QHT lərin  fəaliyyətlərinin müşahidəsi və analizi  mən də daxil müstəqıl müşahidəçilər və analitiklərdə bu siyasi qrupları “hərəkətə gətirən” məqsəd, məram və dairələr haqqında aydın təsəvvürlərin yaranması üçün unikal bir şans olur. Məsələn, ABŞ da son prezident seçkilərində, İngiltərədə Brexit prosesi , İspaniyada Kotoloniya prosesi  və həmçinin Avropa Birliyi ölkələri, xüsusi ilə  Almaniyada mühacir böhranında siyasi qruplar və siyasiləşmiş QHT lərın belə şübhəli  “koalisiyası” analitiklərdə ( həmçinin isə təhlükəsizlik strukturlarında) bu qrupların “işinə yaradığı” dairələrlə birbaşa və ya qiyabi  bağlılığı haqqında aydın təsəvvürlərin yaranmasına gətirib çıxardı.

Qayıdaq yazının əvvəlində qeyd etdiyim strateji Gürcüstan Azərbaycan münasibətləri  və bu münasibətlərin əhəmiyəti mövzusuna, nədir bu münasibətlərinin strateji əhəmiyəti və niyə hər iki ölkədə dövlət rəsmiləri cəmiyyətlərinin təhrikçi və körükləyici məlumatlarla gərginləşən ab-havasının zərbələrini bir çox hallarda öz üzərlərinə çəkərək, təmkinli mövqeləri ilə bu münasibətləri  qorunmağa çalışırlar.

Əsası  1992-ci ildən qoyulan Azərbaycanla Gürcüstan diplomatik əlaqələr 1997-ci ildən müxtəlif istiqamətləri əhatə edən strateji tərəfdaşlıq sazişi ilə möhkəmlənmişdir.

Azərbaycan və Gürcüstan regional və regionlar arası   formatlarda həyata keçirdiyi enerji, nəqliyyat-tranzit sahələri ilə paralel, ikili formatda  sənaye, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı mövcuddur.

Əməkdaşlığın ikili formatı haqqında danışsaq, Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan ən böyük xarici  investordur, tərəflər arası qarşlıqlı investisiya mühitinə görə  Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon  dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyad dollar  investisiya yatırıb.

Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan  şirkəti, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR  uğurla fəaliyyət göstərir.  SOCAR ın törəmə şirkəti olan SOCAR Energy Georgia Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə və  Kulevi neft terminalına nəzarət edir.

Həmçinin SOCAR Energy Georgia   Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsulları, mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşquldur.

Əməkdaşlığın regional və regionlararası formatından danışsaq,  Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələri: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, reallaşmaqda olan Cənub Qaz Dəhlizi və Avropa, Asiya, Çini birləşdirən  “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”   kimi qitələr arası layihələr həyata keçirilir. Bu layihələr Cənubi Qafqaz regionun nəqliyyat-tranzit potensialını və geopolitik əhəmiyyətini artırılmasına xidmət edir.

Həyata keçirdiyimiz iri layihələrin sırf ölkəmiz üçün faydalılığı isə  Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın geopolitik əhəmiyyətinin misilsiz dərəcədə artması ilə nəticələnmişdir.

Bu layihələr nəticəsində Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi kimi təsdiqlənmiş  Azərbaycan bu gün  uğurla Yaxın Şərq, Fars körfəzindən yüklərin Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Birgə həyata keçirdiyimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə  Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında  əhəmiyyətli tranzit dəhlizlərinin yaranması ilə müasir geopolitik müstəvidə regionun və təşəbbüsçü kimi ölkəmizin rolunu  müstəsna əhəmiyyətli etmişdir.

Son illərin qlobal səviyyədə dəyişən lojistik mənzərə belədir ki, Qərb üçün Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri cazibədardır. Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşurutudur.

Bir sözlə Gürcüstan Azərbaycan münasibətlərinn korlanmasına çalışan dairələr, onların hər iki ölkədə siyasi qruplar və sosial mediadakı uzantılarının uzaqmənzilli hədəfləri Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionda həyata keçilirən layihələrə qarşı bir fəaliyyətdir.

Hər iki tərəfdaş dövlətlərin bu qədər mühüm mövzuda narahatlığı üzərindən dividend qazanmağa çalışan daxili siyasi qruplar və siyasət şoumenlərin  fəaliyyətinin  hədəfi də strateji tərəfdaş iki ölkənin münasibətlərinin korlanmasına çalışmaqdır.

Burdan isə məntiqi olaraq belə nəticəyə gəlmək olur ki, hər iki ölkədə belə daxili müxalif  qrupların fəaliyyəti yerli hökümətə deyil , yerli cəmiyyətlərə, xalqa və dövlətə  müxalifət olmaqdır.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər  üzrə ekspert,

26.07.2019

Yegana Hajiyeva

Read Previous

ABŞ-ın Azərbaycana 102,5 milyon dollar vəsait ayırmasının səbəbləri… – Ermənilər bunun qarşısını ALA BİLMƏDİLƏR

Read Next

Paşinyanın “Miatsum sərsəmləməsinə” Azərbaycanın rəsmi cavab reaksiyalarında dəqiq məqamlar..

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir