Breaking News :

nothing found
18 October 2019

Paşinyanın ABŞ səfərinin arxa tərəfi… – Niyə onun görüşünə az adam gəldi..

Paşinyanın ABŞ səfərinin arxa tərəfi… – Niyə onun görüşünə az adam gəldi?

Ermənistan bəlli bir istiqaməti olmayan, küləyin hara gəldi apardığı gəmi kimi, yenə də ləngər vura-vura gedəcək.

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva açıqlamasında, Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ səfərinin rəsmi İrəvanın xarici siyasətinə necə təsir edəcəyinə aydınlıq gətirib.

Ekspert hesab edir ki, Ermənistanın xarici siyasətində bu səfərdən sonra da heç nə dəyişməyəcək:

“Paşinyan boşboğaz və pafoslu baş nazirdir. Siyasətçilərə boşboğaz ifadəsi yersiz olmasına baxmayaraq, Paşinyanın adının ətrafındakı mühit onun haqqında bu sözü deməyə icazə verir. Həmçinin Paşinyan xarici siyasətdə sıfr səriştəli biridir. Çünki adam müxtəlif yerlərdə, müxtəlif  kütlələrə  uyğun müxtəlif mesajlar verir. Bu mesajları bir tabloya yığanda aydın olur ki, onun təbəqələrə, qruplara uyğun verdiyi mesajlar bir-biri ilə ziddiyyət təşkil edir. Və bu gün bir görüşündə bildirdiyi fikir, dünənki fikirinin tam əksi olur. Paşinyan ABŞ-da Birləşmiş Ştatlara yönəlik, Avropada fərqli, Rusiyada isə öncəkilərlə görüşdə verdiyi mesajlara tamamilə zidd olan  mesajlar verir.

Paşinyanın daxildə verdiyi mesaj isə bunların hamısından fərqlənir. Onun idarəçiliyi daha çox QHT idarəçiliyini xatırladır. Paşinyanın həyat yoldaşı özünə nisbətdə daha təcrübəli idarəçi təəssüratı bağışlasa da, o da beynəlxalq münasibətlərdə peşəkar deyil”

.

Y. Hacıyeva bildirib ki, Paşinyanın həyat yoldaşının idarəçiliyi qəzet redaktorluğu və media idarəçiliyidir:

“Paşinyanın hələ də Ermənistanda baş nazir postunda qalmasının əsas səbəbi, onun həyat yoldaşının PR qabiliyyətinin yaxşı olmasıdır. ABŞ-a yönəlik mesajlar Paşinyanın küçələrdəki etirazlar dövründən indiyə qədər davam edir. Amma bu mesajlar mövsümidir, bəlli bir strategiyanın üstündə hərəkətlilik, pillə-pillə fəaliyyət planı bu mesajlarda yoxdur. Paşinyan əhval-ruhiyyə baş naziridir. Yəni O, sabah Rusiyaya gedəndə ABŞ-la bağlı bu gün verdiyi mesajların tamamilə əksini söyləyəcək. Eyni hal Rusiya ilə bağlı mesajlarda da müşahidə edilir”.

Ekspert vurğulayıb ki, Ermənistanın Cənubi Qafqaz regionundakı strateji rolu, digər iki ölkədən daha az əhəmiyyətlidir:

“Burada coğrafi mövqedən söhbət gedir. İkincisi, Ermənistanın bu gün ABŞ üçün əhəmiyyəti sadəcə İranla sərhəd olmasındadır. Bu ölkənin ABŞ-ın İranla münasibətlərinin kəskinləşməsi fonunda manevrlər etməsi istiqaməti aydın sezilir. Paşinyanın ABŞı səfəri də məhz kəskinləşən İran-ABŞ münasibətlərində manevr cəhdləridir. Bu cəhdləri, yəni Paşinyanın indi verdiyi üstüörtülü mesajları, biz 1 ay öncə ABŞ konqresinin erməni milli komitənin rəsmiləri və onlarla əməkdaşlıq edən konqresmenlərindən eşitmişik.

Bu o deməkdir ki, Paşinyanın həm səfəri, həm də səfərində səsləndirdiyi bəyanatlar, mesajlar erməni lobbisinin hazırladığı proqram əsasındadır. Digər tərəfdən, Paşinyan ABŞ-da  Kaliforniyanın vitse-qubernatoru səviyyəsində qəbul olunub. Onunla görüşə isə çox az sayda adam gəlib. Nəzərə alsaq ki, Kaliforniya erməni lobbisinin ənənəvi güclü oldugu, 1 milyon erməninin yaşadığı bir ştatdır. Bu özü erməni lobbisinin gücünün və Ermənistan dövlətinin nüfuzunun göstəricisidir”.

Ekspertin sözlərinə görə, son zamanlar ABŞ xarici siyasət və təhlükəsizlik komitələrinin üzvləri, erməni milli komitəsi və erməni milli assembleyasının Amerikanın maraqlarına zidd mövqeyindən narahatdırlar:

“Bu, erməni milli komitəsinə ABŞ konqresində fəaliyyətlərinin hər gün daha çox sual doğurması üzərindən vacibdir. Son bir ayda bir neçə dəfə belə narahatlıqların ifadəsinin şahidi olmuşuq. Paşinyan ABŞ səfərində bəlli suallara cavab verməlidir, xarici siyasətinin prioritetlərini elan etməlidir. Lakin  o, bunu edəcəkmi? Məncə xeyr, çünki onun özünün bu suallara cavabı yoxdur. Bu 3 həftə bundan öncə erməni milli komitəsinin ABŞ-da təşkil etdiyi tədbirdə konqresmenlərin onlara ünvanladığı suallardır. Bu tədbir qapalı dinləmə xarakterli tədbir idi və Tvitterdə ancaq erməni milli komitəsinin səhifəsində bir neçə məlumat getmişdi. Bu tədbiri ABŞ-da nüfuzlu konqresmenlərlə görüş kimi təqdim etməyə çalışsalar da reallıq başqa idi. Belə ki, hazırda Ermənistanın İran və ABŞ münasibətlərindəki manevrlərinə aid suallar idi”.

Y. Hacıyeva hesab edir ki, Ermənistanın bu manevrləri kiçik bir dövlət üçün çox təhlükəli gediş sayılır:

“Yəqin ki, bu manevrlərin arxasında baş verənləri, gətirdiyi neqativ və pozitiv reallıqları, Ermənistan dövləti üçün idarə edəcək baş nazir Paşinyan deyil. Ümumi tezis olaraq bunu seçirik ki, bu səfər birinci olaraq Paşinyanın özünə lazım idi. Çünki daxildəki gərginliyi sakitləşdirmək istəyir. Hər gün daha çox nüfuz itirən baş nazir, bunu daxili auditoriya üçün istifadə edəcək. İkincisi, Paşinyan ABŞ Təhlükəsizlik İnstitutlarında, erməni milli komitəsinin operatorluğunda Ermənistanın addımlarına aid suallara cavab vermək üçün ABŞ-a gedib. Üçüncüsü, Paşinyanın komandası inqilab sonrası müxtəlif qrupların üzərində balans iddiası ilə  qurulan komanda idi. O, müxtəlif qrupların təmsilçilərini birləşdirici bir fiqur olaraq öz komandasında görmək istəmişdi. Onların üzərində balans manevri ilə müvazinətini saxlamağa çalışırdı. Artıq 8 ayda açıq-aşkar görünür ki, Paşinyan bu müvazinəti saxlaya bilmir.

Ermənistan birmənalı olaraq, Cənubi Qafqazda Rusiyanın forpostudur. Ermənistanın 80% sənaye, neft, qaz və s. iqtisadi dairələri Rusiyaya məxsusdur. Rusiyanın Cənubi Qafqazda bu qədər güclü olduğu vaxtda, Ermənistana nəzarətindən çıxmasına icazə verməsi inandırıcı deyil. Bunu iddia etməyin özü çox gülüncdür”.

Ekspert istisna etmir ki, yaxın vaxtlarda Cənubi Qafqaz dəyişikliklərə uğramalıdır:

“Paşinyan xarici siyasətdə çox təcrübəsizdir. Üstəlik komandası və həyat yoldaşının dəstək verdiyi qrupların hamısı qərbyönümlüdür. Nəticə etibarı ilə daxildə Rusiyaya bağlı baş nazir, iqtisadiyyatının, sənayesinin 80%-i Rusiyaya məxsus Ermənistan, digər tərəfdə isə Baş naziri qərbpərəst göstərmək istəyən bir komanda qarşı-qarşıyadır. Eyi zamanda isə artıq, Dağlıq Qarabağla bağlı status-kvonun müəyyən dəyişikliyə uğramasının zamanıdır. Yeni şəraitdə, Ermənistan baş nazirinin Rusiyaya, ABŞ-a gedərək dəstək yalvarışları heç nəyə yaramayacaq. Yəni Cənubi Qafqazda zəruri dəyişikliyin birincisi, Dağlıq Qarabağ konflikti ilə bağlıdır. Biz bu prosesdə müəyyən dəyişiklikləri artıq görürük və gözləyirik”

Yeganə Haciyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

22.09.2019,

Redaktor.az saytına müsahibəm.

Yegana Hajiyeva

Read Previous

ATƏT – Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun illik iclası

Read Next

Rusiya Qərbin sanksiyaları altında, Azərbaycan bu ölkə ilə strateji münasibətləri dərinləşdirə bilir – Azərbaycan üçün fədakarlıq nümunəsi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir