Breaking News :

nothing found
06 June 2020

Avroparlamentin 9 fevral seçkisini müşahidədən imtinası – Azərbaycan Prezidentinin az əvvəlki əsaslı bəyanatına qərəzli siyasi reaksiya

Avropa Parlamenti bu il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etməyəcək. Bu barədə Avropa Parlamentinin məlumatında deyilir:

“Beləliklə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki prosesini izləmək və şərh etmək səlahiyyəti verilmir. Əgər Avropa Parlamentinin hər hansı üzvü bu seçkiləri müşahidə etmək qərarına gəlsə, o, bunu şəxsən öz adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini təmsil etməyəcək”. İmtinanın səbəbi açıqlanmır. Əvvəlki seçkilər zamanı Avropa Parlamentinin bəzi nümayəndələri Azərbaycanda monitorinq keçiriblər və əksər hallarda seçkilərin nəticələrini təqdir ediblər.  İndiki halda, birdən-birə, onların belə bir qərar verməsi təəccüblü görünür. Qeyd edək ki, Azərbaycan Prezidenti son vaxtlar bir neçə dəfə Avropa ilə bağlı tənqidi fikirlər səsləndirib. İlham Əliyev hətta Avropanın Türkiyəyə qarşı etdiyi haqsızlıqları da qeyd edərək, onları ikili standartlara yol vermədə günahlandırıb: “Onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi. İkincisi, lap tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlər boyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlər boyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda, müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz”.

Avropa Parlamentinin heç bir ciddi əsas olmadan Azərbaycandakı seçkiləri müşahidədən imtina  etməsi Azərbaycan Prezidentinin az əvvəlki əsaslı bəyanatına qərəzli siyasi reaksiya sayıla bilərmi?

  • Yeganə Hacıyeva: “Görünür, Prezidentimizin bu mövqeyi AB-ni qane etmədiyi üçün, onlar belə siyasi reaksiya veriblər”

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, daxildəki müxalif qüvvələr də bu mövzunun ətrafında aktiv təbliğat aparırlar: “Qeyd edirlər ki, Avropa Parlamentinin müşahidədən imtinası Azərbaycandakı diplomatik mühitin qaneedici olmaması ilə bağlıdır. Reallıq isə başqa cürdür. Avropa Parlamenti yekcins deyil. Onun daxilində Azərbaycanla münasibətləri normallaşdırmağa çalışanlarla yanaşı, gərginləşməsini istəyənlər də az deyil. Biz zaman-zaman AP-dən müxtəlif proseslərlə bağlı bizə qarşı olan fikirləri eşitmişik. Belə mövqeyi biz Türkiyəyə qarşı da görürük. Oradakı lobbi qruplarının Azərbaycan və Türkiyəyə qarşı koordinasiyalı bir fəaliyyəti var. Haqqında danışdığımız məsələ də həmin lobbi qruplarının işidir. Avropa Parlamenti öz büdcəsini əvvəlcədən  formalaşdıran bir qurumdur. Builki büdcədə onlar Azərbaycandakı seçkiləri monitorinq etməklə bağlı maliyyə ayırıblar. Seçkilərin zamanının dəyişməsinin isə buna dəxli ola bilməz. Çünki istənilən halda bu, eyni ilə təsadüf edir. Təbii ki, bu qərarda siyasi çalarların payı da az deyil. Azərbaycan Prezidenti İlham Əliyev son il Avropa Birliyi ilə bağlı bir sıra əsaslı tənqidi fikirlər səsləndirib. Söhbət Avropa Birliyinin qarşılıqlı yox, təktərəfli faydalılıq əsasında fəaliyyətindən gedib. AB bir çox məsələdə reallıqları nəzərə almadan Azərbaycan qarşısında ağır şərtlər qoymaq istəyir. İlham Əliyev də bunları doğru olaraq qəbul etmir və buna da tam aydınlıq gətirir. Görünür, Prezidentimizin bu mövqeyi AB-ni qane etmədiyi üçün, onlar belə siyasi reaksiya veriblər. AB-nin seçkilərlə bağlı mövqeyi qərəzlidir və Azərbaycanın mövqeyinə cavab xarakteri daşıyır”.

Yegana Hajiyeva

Read Previous

Kəskinləşən ABŞ-İran münasibətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi işinə təsir perspektivləri…

Read Next

9 fevral seçkilərinin bu ana qədərki etapları barədə beynəlxalq tənqidi rəylərə rast gəlinmədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir