Breaking News :

nothing found
26 February 2020

Ermənistanın Gürcüstandan sərhəd boyu torpaq qoparmasına maraqlı sükut…

Gürcüstan Prezidenti Salome Zurabişvili maraqlı bir açıqlama ilə çıxış edərək bildirib ki, Tiflis Ermənistanla sərhəd məsələsini həll etməlidir. O, sərhəd əraziləri barədə xatırlatma verərək qeyd edib ki, demarkasiya prosesi dayandırılıb. Zurabişvilinin sözlərinə görə, sona qədər dövlət kimi formalaşmaq üçün Gürcüstan bütün mübahisəli sərhəd məntəqələrini müəyyən etməlidir.

O, Ermənistanla sərhədlərin tam razılaşdırılması gərəkliyini bildirib: “Bizim aramızda olan bu prosesi niyə bitirməməyimiz mənim üçün aydın deyil. Bizim komissiyalar bu istiqamətdə işləməyə başlamalıdırlar”.

Ekspertlərə görə, Zurabişvilinin Ermənistanla sərhəd məsələsinə toxunması heç də təsadüfi xarakter daşımır. Ən azı o baxımdan ki, müxtəlif vaxtlarda Ermənistan sərhəd xətlərini Gürcüstana tərəf “sürüşdürür”. Bəzi KİV yazır ki, Ermənistan Gürcüstan torpaqlarını işğal edərək separatçılıq edir. Ərazilərin birində isə ermənilər sərhədi 400 metrdən çox şimala çəkiblər və nəticədə gürcü ruhani və zəvvarların əvvəllər ziyarət etdikləri Xujabi monastırı erməni nəzarəti altına keçib. Nəticə etibarilə Türkiyədən Azərbaycana qədər bütün Gürcüstan-Ermənistan sərhədi qanunsuz olaraq şimala “sürüşdürülüb”. Ermənistan hakimiyyəti Gürcüstanın onlarla kvadratkilometr ərazisinə qanunsuz olaraq “sahiblik” edir.

Bu mənada, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinin Salome Zurabişvili tərəfindən gündəmə gətirilməsi təsadüfi sayılmır. Sərhəd problemi çözümünü tapmasa, Ermənistanın Gürcüstan ərazisindəki təxribatları davam edəcək. Belə vəziyyət isə artıq bütün region üçün böyük təhlükə sayılır. Bu mənada, ermənilərin separatçı niyyətlərinə qarşı daha sərt addımlar atılması, dünya dövlətlərinin də bu prosesdə iştirakı olduqca önəmlidir. Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasındakı sərhəddə yaranan kiçik anlaşılmazlıq zamanı erməni mediası mövzunu daim gündəmdə saxlayıb, prosesi qızışdırmaqla məşğul olurdu. Ancaq görünən budur ki, onların özlərinin Gürcüstanla ciddi sərhəd problemləri mövcuddur. Ermənistanın, faktiki olaraq, Gürcüstanın ərazisini sakitcə işğal etməsinin sonu nə ilə nəticələnə bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Gürcüstana qarşı sərhədləri sürüşdürməklə apardığı “səssiz işğalı” 90-cı illərin əvvəlindən, yəni müstəqilliyin ilk günlərindən başlayıb və günümüzədək davam edir: “Bu “səssiz işğal”la ələ keçirdikləri Gürcüstan ərazilərində sistemli şəkildə meşələrin qırılması, tarixi, mədəniyyət abidələrinin məhv edilməsi və torpaqların əkinçilik və maldarlıq üçün yararsız hala salınması prosesi aparılır.

Sırf sualınıza cavab verməzdən öncə isə bu ilin aprel ayında Azərbaycan-Gürcüstan sərhədindəki Keşikçidağla bağlı təxribatçı prosesləri xatırlamaq istəyirəm. Diqqətin Azərbaycan-Gürcüstan sərhədindəki təxribatda oldugu zaman Ermənistan Gürcüstanla sərhəd ərazilərdə dövlət sərhədi xəttini sürüşdürməklə Gürcüstan ərazilərini “səssiz işğal”la zəbt etdi.

Bu ilin aprel ayında Ermənistanla sərhədə yaxın ərazidə, Samtsxe-Cavaxeti bölgəsindəki ərazilərin birində sərhədi 400 metrdən çox şimala çəkiblər və nəticədə gürcü ruhani və zəvvarların ziyarət edə bilmədikləri gürcü Xujabi monastırı erməni nəzarəti altına keçib. Digər ərazlərdə də sərhədin sürüşdürülməsi təxminən bu miqyaslarda baş verib.

Bu sürüşdürmə siyasəti tək bununla bitmir, çünki Ermənistan sərhədçiləri Gürcüstan-Türkiyə və Gürcüstan-Azərbaycan sərhədlərinə bitişik əraziləri də qanunsuz olaraq “sürüşdürürlər”. Bu ərazilərin Gürcüstan ərazisindəki “kəsişən” sərhəd xətləri Ermənistan tərəfindən özbaşına irəli çəkilir.

Bu siyasət nəticəsində Türkiyədən Azərbaycana qədər bütün Gürcüstan-Ermənistan sərhədi qanunsuz olaraq şimala “sürüşdürülüb” və onlarla kvadratkilometr ərazi “səssiz işğal” olunub.

Beynəlxalq təhlükəsizlik təsisatları son illər öz hesabatlarında bizim illərdir söylədiyimiz bir həqiqəti etiraf edirlər. Cənubi Qafqazda gərginlik məhz Ermənistandan qaynaqlanır və bu ölkənin qonşularına münasibətdə yürütdüyü siyasət uzunmüddətli hesabda Qərbin Cənubi Qafqaz maraqlarına ziyan vurur”.

Ekspertin sözlərinə görə, bu mövzunun Azərbaycan üçün təhlükəli tərəfi hər üç Cənubi Qafqaz ölkəsinin dövlət sərhədlərinin bitişdiyi Babakər dağının yüksəkliklərində sürüşdürmə nəticəsində   Ermənistanın yaxınlıqdan keçən Bakı-Gəncə-Tiflis magistral yoluna nəzarət imkanları əldə edə bilməsi təhlükəsi idi: “Bu addım özlüyündə Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaradılması məqsədini güdürdü. Bu isə, özlüyündə, Gürcüstan-Azərbaycan sərhədindən keçən, Avropa Birliyinə gedən tək quru tranzit xəttinin təhlükəsizliyinə birbaşa hədə idi.

Lakin bu ilin yay aylarında Azərbaycanın Babakər dağının Gürcüstan hissəsindəki yeni yüksəkliklərdə mövqeyini möhkəmləndirməsi Ermənistanı geri çəkilməyə məcbur etdi.

Azərbaycan sərhədçiləri avqustun 16-da Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikləri ələ keçirdikdə və Gürcüstan tərəfə baxan Babakər dağının yamacında yerləşən erməni qoşunları Azərbaycan Ordusunun “silahının altında” görünən kimi, tez bir zamanda Gürcüstan ərazisini tərk etdilər.

Azərbaycan bazalarından biri hakim bir yüksəklikdə, Gürcüstan Qırmızı Xaçından cəmi 380 metr məsafədə, Bakı-Gəncə-Tiflis magistral yolu üzərində yerləşir.

Bu cür təxribatlardan sonra Gürcüstan rəhbərliyi təcili olaraq Gürcüstan-Ermənistan sərhədinin Ermənistan sərhədçiləri və qoşunları tərəfindən icazəsiz şəkildə pozulmasına, Gürcüstan ərazilərinin qanunsuz işğal edilməsinə diqqət yetirməyə və tədbirlər görməyə məcbur qaldı”.

Yegana Hajiyeva

Read Previous

Azərbaycan hökumətinin Dağlıq Qarabağ siyasətini sabotaj edənlər…

Read Next

Kəskinləşən ABŞ-İran münasibətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi işinə təsir perspektivləri…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir