Breaking News :

nothing found
30 October 2020

Putinin qəribə arzusu: “O vaxt SSRİ-ni dağıtdılar, indi də…

“Putin ilk dəfə deyil ki, SSRİ-nin bərpasısından danışır, əvvəllər Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı. Həmin ifadə Putinin 2005-ci ildə Federal Məclisə göndərdiyi müraciətində öz əksini tapır. 2015-ci ilin oktyabrında isə “Rusiya xalqı dünyada ən böyük bölünmüş xalqdır” fikrini səsləndirdi. 2018-ci ildə keçirilən prezident seçkilərinə iki həftə qalmış isə ona ünvanlanan “Rusiyada baş verənlərdən nəyi dəyişmək istəyərdiniz?” sualına belə cavab vermişdi: “Sovet İttifaqının dağılması prosesini dəyişmək istəyərdim”.

Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin bərpası haqda səsləndirdiyi fikirləri Teleqraf.com -a şərh edən politoloq Yeganə Hacıyeva belə deyib.

“Birinicisi, sadə keçmiş SSRİ insanı kimi onun ürəyində səmimi bir nostalji hiss mövcud ola bilər. Bu baxımdan, düşünürəm ki, müasir dünya siyasətçilərinin ən səmimilərindən biridir. İkincisi, bir siyasətçi kimi Rusiyada, habelə post-sovet ölkələrində bu fikirdə olan milyonlarla insanın rəğbətini qazanmaq üçün bunu edə bilər. Qənaətimə görə, Putində bəhs etdiyim bu iki aspektin hər ikisi mövcuddur.

Məsələ budur ki, hələ də sovet insanının yaddaşında ideloji olaraq, “böyük dövlətə aid olmaq hissinin verdiyi fəxarət” qalır. Habelə vaxtilə əhalinin rifahını təmin edən vahid iqtisadi sistemin mövcudluğu, sülh və əmin-amanlıq içində keçən gəncliyin yaratdığı nostalgiya SSRİ-yə qarşı rəğbət yarada bilər. Sonrakı illərdə isə Rusiya da daxil olmaqla, MDB ölkələrinin heç birində, xüsusən də sadə vətəndaşlar üçün bu ideologiyanı əvəz edən alternativlər olmadı. Yeni nəsil üçün də SSRİ-nin dağılmasından sonra ön plana çıxan liberalizm, demokratiya, insan haqları kimi amillər cəlbedici olmadı. Çünki bunlar bu coğrafiyalardakı milli-mental baxışlara uyğun gəlmirdi. Nəticədə bunlar cəmiyyətləri birləşdirən ideologiyalara çevrilmədi”.

Yeganə Hacıyeva qeyd edib ki, demokratiya xalqların milli-mental xüsusiyyətləri əsasında formalaşan bir idarəetmə üsuludur:

“Məsələn, demokratiya anlayışı ən azı məişət səviyyəsində demokrat ola bilməyən insana inandırıcı gəlmədi. Çünki mental və düşüncə olaraq şüuraltında buna əsas yox idi. Bu da artıq yaşlanmış nəsildə SSRİ-nin dağılması barədə təəssüf hislərinin artmasına, tarixi pis bilən gənclər arasında isə sovetlərin ideallaşdırılmasına səbəb oldu.

Bunun nəticəsi kimi, biz daha öncələr post-sovet ölkələrində lənətlənən, hətta Sovet Rusiyasının özündə belə qəbul edilməyən Stalin repressiyalarına bəraətin qazandırılması kimi cəhdlərin şahidi olduq. Bu yöndə tarixin yenidən yazılmasına cəhdlər edildi. Bu baxımdan, 1990-cı illərdəki demokratik dəyişikliklərin gözdən salınması, SSRİ-də baş verənlərin yenidən qiymətləndirilməsinə göstərilən səyləri müşahidə etdik.

Bu kimi addımların hansı hədəflərə hesablandığına gəlincə, bunlar ən yaxşı halda Rusiyanın üzərində işlədiyi Avrasiya İttifaqı layihəsinin genişlənməsinə zəmin yaratmaq üçün nəzərdə tutula bilər. Bu ittifaqa üzv dövlətlər üçün ümumi imkanların yaradılması və bundan birgə istifadə kimi vədlər verilir. Hesab edirəm ki, bunlar post-sovet ölklərinin mövcud ictimai-siyasi reallığında mümkün deyil”.

Ekspert hesab edir ki, SSRİ-nin dağılması yüksək məmur postlarına ermənilərin təyin olunmasından sonra sürətlənib:

“Bu təkcə 1980-ci illərə təsadüf etmir, SSRİ-də bundan əvvəl də belə hallar olub. SSRİ-nin yüksək postlarındakı ermənilər “ümumerməni maraqları” ətrafında “erməni lobbisi” adlanan siyasi qruplara bağlı idilər. Bu lobbilərin isə təmsil olunduqları ölkələrdəki xüsusi xidmət orqanlarına bağlılıqları var idi. Əlbəttə SSRİ-nin dağılmasında ermənilərin oynadığı rol tarixi faktlardan da məlumdur, bu haqda geniş danışmağa ehtiyac yoxdur.

Etnik ermənilərin yüksək postlara təyin olunması prosesi bu günün Rusiyasında da davam edir. Ölkənin informasiya təminatı demək olar bu ermənilərə həvalə olunub. Bu gün sadə rus ermənin ona diktə etdiyi mövzuları fikirləşir, yazır, müzakirə edir. Bunun nə ilə nəticələnəcəyini isə biz SSRİ-nin nümunəsində artıq bilirik”.

Putinin SSRİ-nin bərpası haqda çıxışına gəlincə, Yeganə Hacıyeva hesab edir ki, bu fikir Rusiyanın müasir və müstəqil rolunda çıxış edə bilməməsinin etirafıdır:

“Bunun bir çox səbəbi var, ən əsası isə Rusiyada hamını birləşdirə biləcək ideologiyanın olmamasıdır. “SSRİ-ni bərpa edə bilərik”, tezisi isə 21-ci əsrdə ideloji xətt ola bilməz, bu fikirdən yola çıxanlar da, bu fikirdən mədət umanlar da çox böyük yalnışlıqlara yol verirlər”.

Yegana Hajıyeva ,

Beynəlxalq münasibətlər üzrə ekspert,

23.04.2020

Yegana Hajiyeva

Read Previous

Lavrovun bəyanatından çıxan birmənalı nəticə – mühüm Qarabağ sənədini imzalamayan məhz Ermənistandır…

Read Next

Pandemiya şəraitində görünməmiş qlobal rəqəmsal  siyasi səfərbərlik….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir