Breaking News :

nothing found
06 June 2020

Bölgəyə yönəlik siyasətin ana xətti bir-birinin Qafqaza təsir dairəsini zəiflətmək təşkil edir…

Keçən il GUAM-ın Qərbin himayəsi altında yenidən aktivləşdirilməsi ilə bağlı məlumatları yerli mediadan oxuduq. Keçən bir il ərzində üzv ölkələr “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat”ın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında razılığa gəldilər.

Dəyişikliklərin Azərbaycana hansı risqlər və dividentlər gətirməsinə aydınlıq gətirsək , hesab edirəm ki, Azərbaycan üçün milli maraqlarının müdafiəsində və Dağlıq Qarabağ konfliktinin həllində yeni imkanlar yaranır.

Əvvəllər də “Cənubi Qafqaz qitələrarası ”tampon zona” adlandırdığımız geosiyasi əhəmiyyətli region,  Azərbaycanın belə əlverişli geosiyasi regionun zəngin təbii ehtiyatlara, neft yataqlarına malik, beynəlxalq hüquq və prinsiplərə hörmət edən və regiondakı güclər arasında balanslı siyasət yürüdən dövlət olması haqqında dəfələrlə danışmışıq. Qlobal güclərin Cənubi Qafqazda iqtisadi, siyasi, təhlükəsizlik maraqları və bölgəyə yönəlik siyasətinin ana xəttini bir-birinin Qafqazdakı təsir dairəsini zəiflətmək təşkil edir. Qərbin Rusiyaya qarşı sanksiyaları və bu sanksiyaların fonunda dəyişən yeni geosiyasi müstəvidə Cənubi Qafqazın açar ölkəsi kimi Azərbaycanın rolu həyati əhəmiyyət kəsb edir.

Avropa Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığını azaltmaq niyyətindədir:

“Hazırda Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşdırılmaqda olan Avropa Birliyi üçün həyati əhəmiyyətli Cənub Qaz Dəhlizi Azərbaycandan keçir. Həmçinin, buradan təkcə enerji resursları deyil, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı – E60 keçir. Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun da buradan keçməsi planlaşdırılır”.

Belə bir məqamda GUAM-ın Qərbin himayəsi altında yenidən aktivləşdirilməsi ilə bağlı məsələyə də münasibətim belədir:

“GUAM keçmiş postsovet ölkələrində sürətli avrointeqrasiya modeli və nümunəsi olaraq görülürdü. GUAM-ın beynəlxalq təşkilat kimi institusionallaşması zamanı da prioritet məsələ kimi üzv dövlətlər arasında əməkdaşlığın məqsədləri prinsipləri və istiqamətlərinin müəyyənləşdirilməsində də kurs olaraq avrointeqrasiya götürülüb. Lakin yaradılmasının 22-ci ilində GUAM təəssüf ki, təhlükəsizlik, iqtisadi maraqlar və hətta avrointeqrasiya məsələlərində belə regional çağırışlara cavab vermir. Bu təşkilat əhatə etdiyi coğrafiyada hazırkı siyasi müstəvidə risklər, perspektivlər mövzusunda isə ümumiyyətlə yararsızdır. Məsələn, üzv dövlətlərdən biri kimi Azərbaycan Avropanın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan tərəfdaşdır. Rəsmi Bakı eyni zamanda qitənin enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında da həlledici oyunçudur”.

Lakin keçən ilin payızında  BMT-nin 74-cü sessiyasında  müzakirə olunan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələrini xatırlayırıq GUAM-ın bir platforma olaraq milli maraqlarımızın müdafiəsinin təşkilində yararlı olması  faktı ortaya çıxır.

Azərbaycanın işğal olunmuş əraziləri də daxil ümumiyyətlə , GUAM məkanında mövcud dondurulmuş münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları haqqında  danışsaq  bu konfliktlər regional və qlobal təhlükəsizliyə  hədədir.  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı təkcə regionun deyil, Avropa Birliyi və qlobal təhlükəsizlik üçün qısamüddətli və uzunmüddətli hesabda geniş təhdidlər yaradır.

Dağlıq Qarabağ konfliktinin regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə hansı səviyyədə təhdid olması haqqında rəyləri isə həm bizim, həm də son illər dünyadakı qlobal təhlükəsizlik və strateji araşdırmalar mərkəzlərinin hesabatlarında yer alıb. Sırf 2019-cu il ərzində bir neçə təhlükəsizlik və strateji araşdırmalar mərkəzinin bu istiqamətdə hesabatlarını, britaniyalı araşdırmaçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabının dərcini, DQ-dəki qanunsuz rejimin Ermənistan dövlətinin dəstəyilə mövcud olan və Yaxın Şərqdən Avropa Birliyinə qədər uzanmış olan narkotik, silah və insan alveri şəbəkəsinin ifşası, ekoloji layihələr adı altında Dağlıq Qarabağ bölgəsinin təbii sərvətlərinin talan edilməsi və s. xatırlatmaq yerinə düşür.

Ən əsası isə Ermənistanın bu cinayətkar şəbəkənin fəaliyyətini gizlətmək üçün apardığı manipulyasiyaları qlobal təhlükəsizlik üçün, AB-nin təhlükəsizlik mühitinə və onun enerji təchizatı marşrutlarına basdırılmış mina rolunu oynayır. Bu baxımdan da yaranmış real vəziyyətin məhz BMT tribunasından səslənməsi müstəsna əhəmiyyətə malikdir”

İstər Azərbaycanın işğal olunmuş ərazilərində, istər GUAM ölkələrindəki dondurulmuş konfliktlərin həlli cəhdi BMT-nin bu regionlara yönəlik siyasətində  prioritet mövzulardır: “Bu regionlarda dayanıqlı sülhün bərqərar olması üçün BMT və digər beynəlxalq təşkilatlar, Dağlıq Qarabağ konflikti də daxil, GUAM dövlətləri ərazilərindəki konfliktlərin həllində alət ola biləcək cari və rezerv imkanların tətbiqində maraqlıdırlar .

Bunları nəzərə alaraq, GUAM-ın bir platforma olaraq milli maraqlarımızın müdafiəsinin təşkilində istifadəsi kimi yararlığı, bu təşkilatda iştirakçılığımızın xeyrinə sələndirə biləcəyimiz güclü arqumentdir. 

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

06.06.2019

Yegana Hajiyeva

Read Previous

Pandemiya şəraitində görünməmiş qlobal rəqəmsal  siyasi səfərbərlik….

Read Next

Qazaxıstan hakimiyyət elitasında dəyişikliklərin Azərbaycana təsir ehtimalları – KTMT, Çinlə münasibətlər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir