Breaking News :

nothing found
06 June 2020

Qazaxıstan hakimiyyət elitasında dəyişikliklərin Azərbaycana təsir ehtimalları – KTMT, Çinlə münasibətlər…

Qazaxıstan hakim elitasında maraqlı proseslər yaşanır. Prezident öz sərəncamı ilə parlamentin yuxarı palatasının (Senat) spikeri, sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.

Qasım-Comart Tokayev Senatın sədri vəzifəsində aktiv və məhsuldar fəaliyyətinə görə Dariqa Nazarbayevaya minnətdarlığını bildirib. Şənbə günü elan olunan qərarın səbəbləri açıqlanmır. Qazaxıstan prezidentinin rəsmi saytında deyilir:”Dövlət başçısının sərəncamı ilə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Nazarbayeva Dariga Nursultanovnanın səlahiyyətlərinə xitam verildi”. 2016-cı ildə millət vəkili seçilən Dariqa Nazarbayeva 2019-cü ildə Senatın sədri olub. Qazaxıstan konstitusiyasına görə, Senatın sədri vəzifəsi prezidentdən sonra ikinci ən mühüm vəzifədir. Dariqa Nazarbayeva sabiq prezidentin böyük qızıdır. 29 ildir ölkəni idarə edən Nursultan Nazarbayev ötən il istefaya çıxandan sonra Təhlükəsizlik Şurasının başçısı olub. Prezidentin vəzifədən getməsi ilə onun qızının ölkədəki ikinci ən vacib vəzifəyə seçilməsinin üst-üstə düşməsi Nazarbayevin ən nüfuzlu fiqur olaraq qalmasına işarə kimi qiymətləndirilirdi. Tokayev Nazarbayevin kadrı sayılır. Ötən il keçirilən prezident seçkilərində Nursultan Nazarbayev Tokayevin namizədliyini dəstəkləməyə çağırış edib. Göründüyü kimi, Qazaxıstan daxili siyasətində müəyyən hadisələr baş verir. Məlumdur ki, Qazaxıstan KTMT və Avrasiya İB-də, Türk dövlətlərinin inteqrasiyasında fəal rol oynayır və Azərbaycanın da mənafelərini gözləyir. Daxildə baş verən proseslərin bu cəhətdən Azərbaycana münasibətdə pis dəyişmələrə təsiri ola bilərmi? Deyirlər Qazaxıstan Çinə meyl edəcək. Çinin Türkiyə ilə münasibətləri uyğur probleminə görə yaxşı deyil. Çinə Ermənistan da çox yaxınlaşmağa çalışır. Bütün bunların fonunda Qazaxıstanda baş verən hadisələrdən nə gözləmək olar?

Qazaxıstanda baş verən bu yeniliklər əslində çox maraqlı ssenari üzrə cərəyan edir:“Bilirsiniz ki, iki gün əvvəl Azərbaycanla Qazaxıstan arasında kiçik insident yaşandı. Mayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib. Buna səbəb 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı olub. Bununla bağlı səfirə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notası təqdim edilib. Bu hadisələr arasında düşünülmüş əlaqənin olduğunu zənn etmirəm. Amma görünən budur ki, istənilən iki ölkə arasındakı münasibəti kiçik bir “anlaşılmazlıqla” korlamaq mümkündür. Qazaxıstanda baş verən dəyişikliyin həmin ölkənin siyasi kursunda kardinal dəyişikliyə səbəb olacağı inandırıcı deyil. Tokayev Nazarbayevin seçdiyi varis sayılır. Dariqa Nazarbayevanın vəzifədən kənarlaşması mütləq mənada Nazarbayevin özünün razılığı ilə baş tutub. Əks təqdirdə bu, Tokayevin birbaşa Nursultan Nazarbayevə qarşı demarşı sayılardı. Dariqa Nazarbayeva faktiki olaraq ölkənin idarəolunmasında ikinci şəxs sayılırdı. Onun vəzifədə olduğu müddətdə Tokayevlə maraqlarının toqquşduğuna dair məlumatlar yayılıb. Amma bu maraqların toqquşması Nazarbayevlər klanının istəyinin ifadəsi sayılmayıb. Daha çox Dariqanın şəxsi kaprizlərindən irəli gələn anlaşılmazlıqlar olub. Tokayevin bu addımı öz istəyi ilə atması həm də ona görə inandırıcı deyil ki, Nursultan Nazarbayevin qanuni yolla bütün proseslərə təsir etmək imkanı var. Onun hazırkı titulu buna imkan verir. Bu baxımdan da, Qazaxıstanın xarici siyasət kursunda kardinal dəyişikliyin olacağı inandırıcı görünmür. Azərbaycan və Türkiyə ilə münasibətlərin isə olduğu kimi qalacağına şübhə yoxdur. Qazaxıstan yerləşdiyi əlverişli coğrafi mövqeyə və yaxın qonşuluğa görə onsuz da Çinlə yaxından əməkdaşlıq edir. Bu o anlama gəlmir ki, Qazaxıstan buna görə Türkiyə və Azərbaycanla münasibətlərinə redaktələr edə bilər”.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

04.05.2020.

Yegana Hajiyeva

Read Previous

Bölgəyə yönəlik siyasətin ana xətti bir-birinin Qafqaza təsir dairəsini zəiflətmək təşkil edir…

Read Next

Azərbaycan-Rusiya 5 istiqamətli əməkdaşlıq yol xəritələrinə 2-si də əlavə olundu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir