Breaking News :

nothing found
26 January 2021

Tovuz hadisələrinin arxasında Moskvada baş verən nələrsə dayanır” – Qarabağ münaqişəsini gözəl bilən Brayza nə demək istədi…

ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən sabiq həmsədr Metyu Brayza cəbhədə baş verənlərlə bağlı belə bir fikir işlədib:”Ermənistan Rusiyanın müttəfiqidir və hər hansı ölkə ona hücum edərsə, Rusiya hərbi güclə buna müdaxilə edəcək, Ermənistan daxilindəki hərbi bazasındakı qüvvələrindən istifadə edəcək. Yəni bu hadisələrin arxasında Moskvada baş verən qəribə nələrsə dayanır”. Brayza kifayət qədər məlumatlı adam sayılır. Maraqlıdır, Moskvada baş verən nələr erməni təxribatına rəvac verə bilər?

Bəzi təhlilçilər də son günlər bu toqquşmalarda Rusiya amilindən danışmağa başlayıb:“Onlar əməliyyatların Dağlıq Qarabağda deyil, Azərbaycan üçün əhəmiyyətli Cənubi Qafqaz kəmərinə yaxın Tovuz rayonunda başlamasına diqqət çəkirlər. Bu kəmərlə Türkiyənin TANAP kəmərinə qaz vurulur. Təhlilçilər Rusiya-Türkiyə münasibətlərinin son vaxtlar soyuduğunu, Moskvanın Ankaraya qaz mənbələrini şaxələndirməmək üçün təzyiq göstərdiyini deyir. Suala cavab verməzdən öncə bu eskalasiyanın ən çox Ermənistan baş naziri Nikol Paşınyanın daxili narahatlıqları yatırması istiqamətində işinə yaradığını və onun vəziyyət çətinləşdikcə Azərbaycan-Ermənistan sərhədində belə bir təxribata əl atacağını bir neçə ay öncə proqnoz etdiyimizi xatılatmaq istəyirəm. Bir neçə həftə idi ki, Paşınyan pandemiyadan istifadə edib ölkə konstitusiyasını öz xeyrinə dəyişməsi üzərindən böyük etirazlarla üzləşmişdi. Bu halda hərbi eskalasiya onun işinə yaradı, çünki bu proseslər müharibə fonunda əhəmiyyətini itirdi. Ermənistan daxilində Moskvanın təsiri altında olan media Rusiyanın bu eskalasiya ilə baş nazir Nikol  Pashinyanı cəzalandırmağa çalışacağını iddia edir və Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonuna hərbi təxribatın arxasında Rusiyanın dayandığı fikrini fəal müzakirə edir. Bu fikrin əleyhinə olan bir neçə məqam var. Məsələn, Rusiyanın ideya müəllifi olduğu və total nəzarətində olan KTMT hərbi bloku Ermənistanı bu məsələdə dəstəkləmədi, bu mövzunun müzakirəsi gedəcək iclası belə təxirə saldı. Rusiyanın nufuzu üzərindən formalaşmış başqa bir qurumda – Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli iclasında Ermənistanın Baş nazirinə ünvanlanan suallarla faktiki eskalasiyanın yanlış qərar olmasını etiraf etməyə məcbur etdilər.

Bu mövzunu bir az da davam etdirə bilərik. Eskalasiyanın ilk günlərində Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyanı köməyə çağırırmış kimi Rusiya Xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Azərbaycanın Ermənistanla bərabər Rusiya silahlı qüvvələrinin mülkiyyətinə də ziyan vurduğunu söyləməsini xatırlatmaq istəyirəm. Bütün bunların fonunda onu da qeyd etmək istəyirəm ki, Azərbaycanı, bu qədər haqlı olduğu halda, yalnız Türkiyə açıq şəkildə dəstəklədi və ilk gündən bu eskalasiyanın Ermənistanı idarə edən kənar bir qüvvənin təşəbbüsü olduğunu dedi. Şəxsən mən də tam əminəm ki, Azərbaycan-Ermənistan sərhədinə yaxın Tovuz bölgəsində bu eskalasiya Nikol Paşınyanın öz hakimiyyətini qorumaq təşəbbüsü ilə paralel üçüncü qüvvənin operatorluğunda həyata keçirildi. Bu eskalasiya son illər Rusiya qazının Türkiyəyə tədarükünün 40% azaldığı və bunun əvəzinə Azərbaycan və Türkiyə arasında qazın Tovuz bölgəsindən keçən Bakı-Tiflis-Ərzurum boru kəməri ilə artırılması hesabına həyata keçirilməsi ilə davam edən proseslərin fonunda baş verdi”.

Bakı-Tiflis-Ərzurum boru kəmərinə yaranan təxribatların fonunda Türkiyənin prosesə çəlb olunması qaçılmaz olur:“Bu hadisələrin fonunda Türkiyənin hərbi qüvvələrini, texniki vasitələrini “Azərbaycan istifadə edə bilər” mesajını gördük. Bu,   Azərbaycana dəstəyin bütün parametrlər üzrə həyata keçiriləcəyinin anonsu idi. Bütün bunlar Bakı-Tiflis-Ərzurum qaz kəmərinin təhlükəsizliyini hədələyən və bunu Ermənistanın  məsuliyyəti kimi göstərməyə çalışan qüvvələrə mesaj idi. Bu hadisələrin fonunda 13 iyul tarixində Ermənistanın Naxçıvan istiqamətində Şərur və Cülfaya hücumları da təsadüfi deyildi. Çünki 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvan istiqamətində hərbi təxribatlara müdaxilə edə biləcək bir mandata sahibdir.

“Moskvada baş verən nələr erməni təxribatına rəvac verə bilər” sualına gəlsək, öncə hərbi təxribata uğrayan bölgənin iqtisadi mənzərəsini göstərmək lazımdır. Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü – Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil – E60 magistralı, Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu və s. hazırda hərbi toqquşmanın baş verdiyi ərazidən keçir. AB, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən “TransAvropa Nəqliyyat şəbəkəsi” layihəsində həlledici quru keçid koridoru məhz bu ərazidədir. Bütün bunlar istər Rusiaynı, istərsə də İranı sərhəddəki hərbi və Bakıdakı mülki təxribatlarda maraqlı tərəf etmə ehtimalını yüksəldir”.

Doğrudan da ermənilərin məhz dövlət sərhədimizin deyilən istiqamətində təxribatlara əl atması təsadüf sayıla bilməz. Gepolitik maraqların təmini fonunda Ermənistandan həm də bir alət kimi istifadə olunması faktı üzə çıxır.

 

Yeganə Haciyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

17.07.2020

Bakı Xəbər Qəzetinə müsahibə.

Yegana Hajiyeva

Read Previous

Paşinyan diktatura quruculuğu yolunda Venesiya Komissiyası ilə əməkdaşlıqdan tam imtina etdi…

Read Next

ABŞ Konqresinin müzakirəsindəki “Dövlət Müdafiəsi Haqqında” Qanunun Azərbaycana dəxli olan məqamları…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir