Breaking News :

nothing found
26 January 2021

ABŞ Konqresinin müzakirəsindəki “Dövlət Müdafiəsi Haqqında” Qanunun Azərbaycana dəxli olan məqamları…

ABŞ Konqresində “Dövlət Müdafiəsi Haqqında” Qanuna düzəliş müzakirəyə çıxarılır. Bildirilir ki, bu düzəliş qəbul edilərsə, ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsi qadağan olunacaq.

Bununla əlaqədar olaraq, Azərbaycanda fəaliyyət göstərən bəzi təşkilatlar adından  ABŞ Konqresinə ünvanlanan müraciətdə deyilir ki, Ermənistan Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı və 7 ətraf rayonu 27 ildir işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə qəsdini davam etdirir:“Ərazilərin işğal olunması nəticəsində Azərbaycanda 1 milyona qədər məcburi köçkün 30 ildən çoxdur ki, yurdundan didərgin düşüb, tərk etdiyi ərazilərə qayıdacağı günü həsrətlə gözləyir.

Ermənistanın təşkil etdiyi hücumlar nəticəsində Qərbə doğru istiqamətlənən neft və qaz kəmərlərinə ciddi təhlükə yaranıb. Çünki Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri – Qərb İxrac Neft Boru kəməri (QİBK), Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) – Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni-rus hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərazisindən keçir. Qaz kəmərləri Türkiyəyə, ordan da TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qaz çatdırılacaq. Avropaya çatdırılacaq qazın həcmi cari və gələn il üçün planlaşdırılan 16 mlrd. kubmetrdən 2023-də 23 mlrd. Kubmetrə, 2026-da isə 31 mlrd. kubmetrə qədər artacaq. “Dövlət Müdafiəsi Haqqında” Qanuna düzəliş baş tutacağı halda Avropanın enerji təhlükəsizliyinin təminatına ciddi problemlər yaranacaq və Qərbin enerji bazarı Rusiyadan daha da asılı vəziyyətə düşəcək”.

Konqresmenlər “Dövlət Müdafiəsi Haqqında” Qanuna düzəlişə səs verməməyə çağırılıb. Bu düzəlişdə Azərbaycanı narahat edə biləcək məqamların detalları nədən ibarətdir?

Öncəliklə bu,  ABŞ-dakı erməni lobbisinin növbəti cəhdidir:“Uzun illərdir ki, onlar Azərbaycana edilən hər növ yardımın qarşısını almağa çalışırlar. Bu istiqamətdə əsas cəhdləri ABŞ-dakı Erməni Milli Konqresi edir.  Onlara ABŞ Konqresində açıq lobbiçilik edən üzvlər var. Həmin ermənipərəstlərdən olan 4 konqresmen ABŞ-ın Müdafiə Nazirliyinin 2018-2019-cu il üçün Azərbaycana ayrılmış 120 milyon dollar həcmində maliyyənin verilməsinin hesabatını tələb edir.  Dinləmə bu tələb üzrə təşkil olunub. Bu ərəfədə başqa bir ermənipərəst konqresmen sənəd formasında qanuna düzəliş təklif edib. Həmin sənəd “Dövlət Müdafiəsi Haqqında” Qanuna düzəliş  adlanır. Mahiyyəti budur ki, belə düzəliş olarsa, ABŞ-ın Azərbaycana silah satışı tam qadağan olunacaq. Burda da əsas kimi göstərirlər ki,  907-ci Düzəliş bunu qadağan edir. Haqqında Azərbaycanda da geniş danışılan “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəliş ancaq hücum xarakterli silahların satılmasını qadağan edir və bu qadağa təkcə Azərbaycana deyil həm də Ermənistana tətbiq olunur.  Əslində 907-ci Düzəlişə  Azərbaycana silah satışını tam qadağan olunmur. Həmin qadağalara hücum silahlarının satışına aiddir, texnika və diğər silahların satışının qadağan edilməsilə bağlı hər hansı müddəa yoxdur. Eyni qadağa Ermənistana da tətbiq edilsə də nədənsə, 907 deyəndə  ancaq Azərbaycan yada düşür.

Təqdim olunan yeni sənədin isə nonsensliyi ondan ibarətdir ki,  Erməni Milli Komitəsi bununla bağlı ABŞ hökumətinə açıq diqtə edir. Sanki kimə silahın satılıb-satılmayacağını bunlar müəyyən etməlidir. Qəbul edək ki, kongresmenlər 120 milyonluq pulun hesabatını istəyə bilərlər. Bunu  ötən il də istəmişdilər. Hətta bununla bağlı dinləmə də təşkil olundu. Həmin dinləməyə gələn ABŞ  Müdafiə Nazirliyinin nümayəndəsi demişdi ki, onlar şəffaflığa tam açıqdır, kimə maraqlıdırsa, qurumun saytına daxil olub, hesabata baxa bilər. İndi müzakirəyə çıxarılan sənədin ötən illərdəkindən bir qədər qalmaqallı olmasının səbəbi var. Bu, həm cəhbədəki gərginliyin hökm sürdüyü zamana təsadüf edir, həm də bəzi radikal dairələr bu sənədə güya qarşı çıxamaq adı ilə Azərbaycan hakimiyyətinin kongressdə sərt tənqid edilməsi  təbliğata start veriblər. Düşünürəm ki, ABŞ-da gedən bu müzakirə iki ölkə arasındakı münasibətlərə ciddi təhdid yaradır. İş burasındadır ki, biz  silahı daha çox başqa  ölkələrdən alırıq və bunu gizlətmirik. Heç ABŞ-dan silah almasaq belə, bunun bizə hansısa təsiri olmaz. Burada söhbət ermənilərin ABŞ-a diqtə etməsinə yol verməməkdən gedir. Məlumdur ki, Erməni Milli Komitəsi ABŞ-da yalnız ermənilərin maraqları uğrunda çıxış etmir, eyni zamanda digər anti-ABŞ mövqeyində olan qüvvələrin maraqlarının ifadəçisinə çevrilib. ABŞ-da bunu yaxşı başa düşürlər və inanmıram ki, dünyanın supergücü özünü ermənilərin diqtəsi ilə oturub-durmaq səviyyəsinə endirmiş olacaq”.

Ermənilərin bu istiqamətdə cəhdləri çoxdan olsa da, hər hansı uğura izma ata bilməyiblər. Çünki ABŞ-Azərbaycan strateji münasibətləri daha dərin köklərlə bir-birinə bağlıdır.

Yeganə Hacıyeva,

Beynəlxalq məsələlər üzrə ekspert ,

20.07.2020

Bakı Xəbər Qəzetinə müsahibə.

Yegana Hajiyeva

Read Previous

Tovuz hadisələrinin arxasında Moskvada baş verən nələrsə dayanır” – Qarabağ münaqişəsini gözəl bilən Brayza nə demək istədi…

Read Next

Azərbaycan Serbiya məsələsini BMT və AB qurumlarında müzakirəyə çıxara bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir