Breaking News :

nothing found
10 August 2020

Medvedyevin Azərbaycanı və Ermənistanı balanslaşdıran bəyanatı nə deməkdir – düşünülməmiş addımlardan(?) çəkinin…

Yeganə Hacıyeva: “Medvedyev təcavüzkarı və təcavüzə uğramış tərəfi tərəzinin eyni gözünə qoyaraq, sabitliyin əldə olunmasının tərəfdarı kimi çıxış edir”

Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev İrəvan və Bakını düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb. Medvedyev “Facebook”da Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə müzakirə olunan məsələlərdən bəhs edib, eyni zamanda Azərbaycan-Ermənistan sərhədində davam edən gərginliyə də diqqət yetirildiyini bildirib:“Yerevan və Bakı düşünülməmiş addımlar atmaqdan çəkinməlidir”.

Medyvedyevin Rusiyanın adından səsləndirdiyi bəyanatın ritorikası tam fərqlidir. Eyni zamanda, sanki tərəflər arasında məsuliyyətin bərabərləşdirilməsinə can atılır. Bəllidir ki, bu cür addımlar indiyə kimi də olub və heç bir effekt verməyib. Medveyevin bu ritorikasına ekspertlərin münasibəti necədir?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya da digər dövlətlər, beynəlxalq hərbi, siyasi qurumlar, nizamlayıcı təsisatlar Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi pislədi və tərəfləri regionun təhlükəsizliyi naminə gərginliyi azaltmağa çağırdı: “Ancaq digər dövlət və beynəlxalq qurumlardan fərqli olaraq, Rusiyanın bu çağırışı səmimi səslənmədi. Ümumiyyətlə, bu bəyanatlarda ancaq Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması səslənirdi. Bu sabitliyin hansı yolla əldə edilməsi, beynəlxalq hüququn və ədalətin təmin olunması və s. nüanslar ikinci dərəcəli narahatlıq kimi ifadə olunur. Ədalət naminə demək lazımdır ki, beynəlxalq instansiyalar, ABŞ, Avropa ölkələrinin bəyanatlarında həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəstək kimi ifadələr mövcuddur. Təəssüf ki, onlardan fərqli olaraq, Rusiyanın acıqlamasında bu fakt yoxdur. Medvedyev təcavüzkarı və təcavüzə uğramış tərəfi tərəzinin eyni gözünə qoyaraq, sabitliyin əldə olunmasının tərəfdarı kimi çıxış edir. Əlbəttə, bunun tarixi, siyasi izahı var. Ermənistan Rusiyanın Cənubi Qafqazda özünün formalaşdırdığı, ərazisini Azərbaycanın hesabına genişləndirdiyi bir forpostdur. Bunun fonunda isə bu forpost öz ərazisində çox rahat etnik rus vətəndaşlara, təsisatlarına qarşı repressiyalar edir. Məsələn, 1989-cu il əhalinin siyahıyaalınmasında ruslar Ermənistanda əhalinin 1,6 faizini təşkil etsə də, 2015-ci il statistikasında bu göstərici əhalinin 0,3 faizini təşkil etdi. Bu, 2000-ə yaxın vətəndaş deməkdir. Bu illər ərzində aparılan sistemli fəaliyyət nəticəsində ölkədə etnik rus vətəndaşlar 5 dəfə azalıb. Rusiyada isə bəzi yerlərdə kompakt və digərlərində dağınıq şəkildə 2,5 milyon etnik erməni çox rahat yaşayır. Bu gün Rusiyada ölkənin informasiya təminatı, demək olar, ermənilərə həvalə olunub. Bu gün sadə rus erməninin ona diqtə etdiyi mövzuları fikirləşir, yazır, müzakirə edir. Bunun nə ilə nəticələnəcəyini isə biz SSRİ-nin nümunəsində artıq bilirik. SSRİ-nin yüksək postlarındakı ermənilər “ümumerməni maraqları” ətrafında “erməni lobbisi” adlanan siyasi qruplara bağlı idilər. Bu lobbilərin isə təmsil olunduqları ölkələrdəki xüsusi xidmət orqanlarına bağlılıqları var idi. SSRİ-nin dağılmasında ermənilərin oynadığı rol tarixi faktlardan da məlumdur, bu haqda geniş danışmağa ehtiyac yoxdur. Eyni proseslər cüzi fərqlə bu gün Rusiyada davam edir”.

Keçən iki il ərzində Ermənistan baş nazirinin konfliktin nizamlanmasına zidd mesajlarının sülh prosesinə ziyanlı olması istər Azərbaycan, istərsə də Rusiya rəsmiləri tərəfindən dəfələrlə qeyd edilib:“Xatırladım ki, Prezident İlham Əliyev keçən il dekabr ayında Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovu qəbulu zamanı da Paşinyanın pozucu fəaliyyətini Rusiya dövlətinin diqqətinə çatdırdı. Rusiya dövləti adından XİN rəhbəri Lavrov isə cavabında Azərbaycan Prezidentini tam dəstəklədi və Ermənistanın Baş naziri Paşınyanı yanlış və ziyanlı ritorikadan, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd mövqedən çəkinməyə çağırdı. Ardınca isə Ermənistan sərhəddə hərbi təcavüz və onun nəticəsi kimi 4 günlük müharibə etdi. 

Çağdaş Rusiya Cənubi Qafqaz regionunda tərəfdaşlarının müəyyənləşməsinə yenidən baxmalı və tarixi yanlışlıqları aradan qaldırmalıdır. Çünki Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dollar, Rusiyanın isə Azərbaycana qoyduğu investisiya 4,9 milyard dollar həcmindədir. İllik ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb, Rusiyanın ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollardır. Hazırda iki ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Keçən il Rusiya-Azərbaycan əməkdaşlığının 2024-cü ilədək olan dövr üçün əsas istiqamətləri razılaşdırıldı . Razılaşma özündə 7 “yol xəritəsi”ni ehtiva edir. Çoxvektorlu Azərbaycan-Rusiya münasibətləri daha mühüm mərhələyə qədəm qoya bilər ki, bu da hər iki ölkə və xalq üçün mühüm töhfə verər”.

Rusiya rəsmisinin məsələyə münasibət bildirərkən məsuliyyəti tərəflər arasında bərabərləşdirməsi doğru deyil. Çünki sərhəddə təxribatı törədən ermənilər olub, biz yox. Hərə öz adı ilə çağırılsa yaxşı olar.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

25.07.2020

Yegana Hajiyeva

Read Previous

ABŞ-dakı erməni lobbisi hərəkətə keçdi

Read Next

Koronavirus ABŞ-da seçkinin təxirə salınması ehtimalları yaratdı – Tramp hadisələrə fürsət kimi baxacaqmı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir