Breaking News :

nothing found
30 October 2020

Koronavirus ABŞ-da seçkinin təxirə salınması ehtimalları yaratdı – Tramp hadisələrə fürsət kimi baxacaqmı…

Yeganə Hacıyeva: “ABŞ Konstitusiyası və hüquq sistemi prezident seçkilərinin təxirə salınması, müəyyən müddət üçün ləğvini təmin etmir”

Son bir neçə ayda Donald Trampın koronavirusa görə ABŞ-da prezident seçkisini təxirə sala bilməsi haqqında fikirlər səslənir. Bunu hələ aprel ayında ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden bildirib:“Mənin dediklərimi yadda saxlayın” 

Fikrimcə, o hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək”. Qeyd edim ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir.

Həmçinin bu gün ABŞ prezidenti Donald Tramp özünün tviter hesabında prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsi haqqında təklif edib.

Trampın koronavirus bəhanəsi ilə seçkiləri təxirə salmaq kimi planları nə dərəcədə inandırıcı sayıla bilər?

ABŞ da prezident seçkiləri dörd ildən bir keçirilir və proses üç mərhələdə: yerli, ştat və federal səviyyədə baş tutur:“Ümumiyyətlə, bu ölkənin seçki sistemi elə qurulub ki, ölkə üzrə bütün ştatlar üçün yekcins və vahid prezident seçkiləri prosesi yoxdur, bu proses çoxpiləli və bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir. Suala şərh verməzdən öncə hazırda ABŞ-da prezident seçkiləri öncəsi prosesləri izah etmək daha doğru olardı. Dünyanın bütün digər ölkələr kimi, ABŞ da pandemiya və onun ölkənin daxili siyasi və iqtisadi təsirlərinə hazır deyildi. Xüsusilə də ölkənin həyatında ən önəmli siyasi hadisə olan prezident seçkilərində pandemiyanın təsirindən baş verə biləcək istənilən vəziyyətlə bağlı. Burda bir haşiyə çıxım ki, qlobal pandemiya ölkələr üzrə hökümətlər və onların idarəetməsi üçün bir test oldu, pandemiyadan öncə siyasi qurupların cəmiyyətlərdə mövqelərini dəyişdi, mövqelər sıfırlandı, bəzi yüksək mövqelər zəiflədi və ya əksinə. Bir sözlə, mövcud vəziyyət dəyişdi. Çox qısa bir zaman üçün pandemiya ABŞ iqtisadiyyatına tarixinin ən pis böhranlarından birini gətirdi: kiçik biznes iflasa uğrayır, işsizlik 3,5% -dən 4,4% -ə yüksəlir, milyonlarla insan işini itirir. Təkcə mart ayında 700 mindən çox insan işini itirdi. Bu göstərici 2009-cu ildən bəri işsizlik səviyyəsində ən böyük sıçrayışdır. Analitiklərin proqnozları isə daha qaranlıq bir mənzərə yaradır: pandemiya bir ay da davam edəcəksə, ABŞ-ın əmək bazarı 10-30% azalaraq 45 milyon iş yerinin itirilməsinə səbəb ola bilər. İndi ABŞ vətəndaşı üçün, hətta ənənəvi daşlaşmış respublikaçı elektorat üçün də bu göstəricilərin məsuliyyət ünvanı buna qədər ABŞ-ın istənilən neqativ prosesin məsuliyyəti üzərinə atılan, demokratların çöxluqda olduğu Kongres deyil, böhran vəziyyətində idarəetmə təcrübəsi və anlayışı olmayan Tramp və onun administrasiyasıdır. Yəni mövqelər iki ay bundan öncəki kimi deyil və kardinal dəyişib. Vəziyyəti daha da çətinləşdirən Donald Trampın bundan öncəki seçki ərəfəsində əsas kampaniya mövzusu olan, ABŞ səhiyyə sisteminin, tibbi xidmətlərin hamı üçün əlçatan olmasına hədəflənən, müəllifinə görə simvolik olaraq “Obamacare” adlanan səhiyyə islahatlarının ləğv edilməsi istiqamətində atılan addımlar Tramp üçün baş ağrısına çevrilib. Hər bir ABŞ vətəndaşı “Obamacare” vacibliyini öz nümunəsində hiss edir və Trampın bu islahatların ləğvi ilə bağlı təşəbbüslərinin necə yalnış olmasını özü hiss edir. ABŞ-da müalicənin nə qədər bahalı olduğunu nəzərə alsaq, ucuz və hətta pulsuz dərman haqqında təşəbbüslər hər zamankındən daha çox alqışlanır.

Sırf ABŞ-da prezident seçkisinin təxirə salınması və ya zamanının dəyişdirilməsi haqqında fikirlərə şərh versəm, ABŞ konstitusiyası və hüquq sistemi prezident seçkilərinin təxirə salınması, müəyyən müddət üçün ləğvini təmin etmir. 1845-ci ildə qəbul edilmiş “Prezident seçkiləri günü haqqında” qanunda səsvermənin noyabrın ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günü” keçirildiyi bildirilir. ABŞ konstitusiyasına görə, yerli səviyyədə keçirilən ilkin-praymeriz seçkilər və ya yerli seçkilərin zamanının dəyişdirilməsi qısa müddət üçün mümkündür. Amma bu, ştat və ya federal səviyyədəki seçkilərə şamil olunmur. Federal seçkilərə gəldikdə, bu, partiyaların Senat və Konqresdə razılaşdırılması nəticəsində federal qanunvericiliyə düzəlişlə bəlkə də mümkün olardı, amma bu heç bir halda Donald Trampın ABŞ prezidenti kimi səalhiyyət müddətinin uzanması anlamına gəlmir. İstənilən halda , konstitusiyaya görə, Donald Trampın bir prezident kimi səlahiyyətləri 2021-ci il yanvarın 20-də başa çatır və daha uzun müddət hakimiyyətdə qalmaq üçün hüquqi baza yoxdur. Ehtimal olaraq seçkilərin təxirə salınmasını qəbul etsək belə, 2021-ci il yanvarın 21-də de-yure ABŞ prezidenti olmayacaq.

Demokratlardan fərqli olaraq, respublikaçılar artıq yerli səviyyədə seçki prosesinə start veriblər, televiziya və internet üzərindən ənənəvi reklamlarını davam etdirirlər. Politoloqun sözlərinə görə, demokratlar isə əksinə, televiziya və internetdəki ənənəvi reklamlardan tamamilə imtina etdilər, partiya iyulda qurultayın mümkün ləğvini də müzakirə edir:“Bunun fonunda isə partiyanın prezidentliyə namizədinin necə seçiləcəyi prosesi hələ məlum deyil və bunun haqqında heç bir məlumat yoxdur. Donald Trampa isə təşviqatı hər zamanki kimi davam etdirməsi lazımdır, çünki pandemiya səbəbindən seçkini qanuni olaraq ləğv edə bilmir, bundan əvvəlki proseslərdəki kimi Senata təzyiq göstərmək və ya qanunda boşluq tapmaq qabiliyyəti ona kömək etmir. Ona görə də öz təşviqatını məhz indi hökümətin federal məclisin səhiyyə və iqtisadiyyatı dəstəkləmək üçün büdcə ilə razılaşması, bu məqsəd üçün də 2 trilyon dollar ayrılması zamanı bunu arqument olaraq istifadə edərək aparmağı məqsədəuyğun sayır. Pandemiyanın ABŞ isqisadiyyatına fəsadları Donald Trampa mane olmur. Çünki Tramp xaos və ziddiyyətlər şəraitində özünü yaxşı hiss etdiyini dəfələrlə sübut edib. Bəlli bir ideologiyası və prinsipləri olmayan, bü gün dediklərini sabah danan, kütlənin əhval-rühiyyəsinə uygun gündə bir qərar verən praqmatik bir sima kimi o, istənilən vəziyyətə çox rahat uygunlaşır və məhz xaosda öz mənafeyini daha yaxşı qoruyur”.

Yegana Hajiyeva

Read Previous

Medvedyevin Azərbaycanı və Ermənistanı balanslaşdıran bəyanatı nə deməkdir – düşünülməmiş addımlardan(?) çəkinin…

Read Next

Soros Azərbaycan üçün təhlükəlidirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir