Breaking News :

nothing found
24 September 2020

Radikal mühacir azərbaycanlılar idarə olunan missiya altında – Azərbaycan diasporunun bütövləşməsini əngəlləmək…

Ötən yazılarımızda xaricdəki mühacir azərbaycanlıların təsnifatlandırılmasını aparmışdıq. Bəlli olur ki, diasporumuza aid olan həmin kateqoriya heç də yekcins deyil. Onların arasında mövcud Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə olan insanlar az deyil.

Ən maraqlısı isə budur ki, həmin adamlar artıq fəaliyyətlərini hakimiyyətlə deyil, bütöv dövlətlə mübarizə üzərində qururlar. Əksər hallarda isə bu fəaliyyət dövlətin dayaqlarının linc edilməsinə cəhdlə müşahidə olunur. Ən həssas məqamlarda bu sayaq adamların fəaliyyəti erməni təbliğatı ilə üst-üstə düşür. Biz bunun ən bariz nümunəsini Tovuz hadisələri zamanı xaricdəki əslən azərbaycanlı olan yutuberlərin fəaliyyətində gördük.

Xaricdəki anti-Azərbaycan qüvvələrin alətə çevirdiyi  bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıb…

Azərbaycana hər zaman xarici hücumlar olub. Bunu zaman-zaman xarici xüsusi xidmət orqanlarının müəyyən fəaliyyətində və yaxud anti-Azərbaycan mövqe sərgilədiyini hətta gizlətməyən beynəlxalq donor təşkilatların elan etdiyi qrant layihələri istiqamətində də sezmək mümkün idi. Sadəcə, hakimiyyətin apardığı təbliğat, eyni zamanda, xüsusi xidmət orqanlarının sayıqlığı xarici müdaxilələri bu vaxta qədər neytrallaşdırıb. Ancaq son aylarda biz bu müdaxilənin tam fərqli formasını müşahidə edirik. Ölkə xaricində anti-Azərbaycan kampaniyası aparanların səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır. Həmin kanal və səhifələri idarə edənlər isə əslən azərbaycanlı olan mühacirlərdi. Əlbəttə, “mühacir” statusu ilə xaricə gedənlərin bu qədər böyük məbləği yalnız aylıq reklama xərcləmələri artıq bu prosesin arxasında xüsusi qüvvələrin olduğunu söyləməyə əsas verir. Xaricdəki anti-Azərbaycan qüvvələrin alətə çevirdiyi bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıblar. Biz müşahidə edirik ki, dünyada müharibələrin çeşidli formaları yaranır və bu formalardan ən təhlükəlilərdən biri kibermüharibələr və informasiya savaşlarıdır.

Bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” dəstəsinin Azərbaycan əleyhdarı olan dairələrdən…

Son dövrlər xaricdə “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə Azərbaycan əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin ermənipərəst dairələrin və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsinə dair yeni faktlar üzə çıxmaqdadır. Radikal  müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan bəzi azərbaycanlılar ermənipərəst dairələrdən maliyyələşən beynəlxalq təşkilatların ayırdığı qrantlar hesabına inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq onun beynəlxalq imicinə ləkə yaxmaq, respublikamızın daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki,  Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın getdikcə güclənməsindən vahiməyə düşən bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” dəstəsinin  Azərbaycan əleyhdarı olan dairələrdən qrant alması çoxdan ictimaiyyətimizə bəlli idi. Hamımız yaxşı bilirik ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin  öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən-o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar sübut edir ki, bu adamları  öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi xüsusi xidmət orqanları və erməni lobbisi.

Ən reytinqli mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir

Yarandığı vaxtdan ölkəmizin əleyhinə şər-böhtan kampaniyası aparan bu kanallar haqqında üzə çıxan faktlar bunun əyani sübutudur. Belə ki, bu günlərdə elə dünya erməniliyinin təsiri altında bəzi beynəlxalq təşkilatların miskin əlaltısına çevrilmiş “siysi mühacir” dəstəsinin üzvlərindən olan şəxslər  bildiriblər ki, onların layihələri qrantlar hesabına maliyyələşir və onun bütün fəaliyyəti məhz bu ianələrin üzərində qurulub. O da məlumdur ki, ən reytinqli  mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir. Fikrimizcə, başqa mülahizəyə ehtiyac yoxdur. Siyasi mühacir adı ilə maskalanan, özünü xalqımıza “demokratiya”, “insan haqları” uğrunda “mübariz” kimi sırımağa cəhd edən bu adamların iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların ermənilərlə birgə fəaliyyət göstərdiklərini ictimaiyyəmiz çoxdan bilir. Məhz buna görə bu satqınlara, onların daxildəki “əqidədaşlarına” və xaricdəki antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir. Ölkə başçısı son prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimindəki nitqində bu barədə bildirmişdi:“O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Nəticədə təbliğat gündəmini bəlli olmayan bir ünvan müəyyən edir…

İllərdir sosial şəbəkələr kənardan bir çox ölkə və cəmiyyətlərə təsir vasitəsi kimi istifadə olunur. Azərbaycanla da bağlı eyni proses gedir. Başqa sözlə, bütün dünyada sosial şəbəkələrdən daxilə yönəlik kənar təsir vasitələri və ya alətləri kimi istifadə olunduğu faktdır. Sosial media üzərindən ayrı-ayrı dövlətlərə yönəlik daxili informasiya siyasətinin sındırılması prosesi təkcə lokal bölgələrə deyil, qlobal səviyyədə təhlükəsizliyə hədədir. Bir çox ölkələrdə dövlətin informasiya siyasətini sosial media diqtə edir. Bu çox təhlükəlidir, əslində bütün dünyada belədir. Dövlətlərin informasiya siyasətini ünvanı bəlli olmayan sosial media müəyyən etməməlidir, bunu öz daxili və xarici maraqları çərçivəsində dövlət müəyyənləşdirməlidir. Məsələn, sosial şəbəkədə şübhəli səhifələr bir mövzu diqtə edir. Sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, yaxud hansısa şəxslər bu mövzudan öz maraqları üçün istifadə edirlər. Nəticədə təbliğat gündəmini  bəlli olmayan bir ünvan müəyyən edir. Bütün bu amillər ölkəmizə qarşı  radikal mövqedə olan bəzi “siyasi muhacirlərin” əli ilə həyata keçirilir.

“Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub?”

Xaricdəki bəzi mühacirlərimizin ölkəmizə qarşı apardığı təbliğatın müəyyən ermənipərəst qüvvələrin təsiri altında reallaşmasına ekspertlərin münasibəti necədir?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva  bizimlə söhbətində bildirdi ki, əslində,  “siyasi mühacir” adı ilə xaricdə yaşayanların çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayan “söyüş siyasətçilər”idir: “Xüsusən, xaricdə “siyasi mühacir” adı ilə yaşayanları nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıb. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli – təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Ümumiyyətlə, təhqir təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və ölkə konstitusiyası ilə müdafiə olunur. Təbiidir ki, belələrini təsir altına salmaq çox asandır. Azərbaycanı istəməyən qüvvələr bu amildən məharətlə istifadə edir. Bununla həm Azərbaycanın daxilindəki proseslərə müdaxilə edirlər, həm də xaricdəki diasporumuzun parçalayırlar.

Diaspor siyasətimizi elə qurmalıyıq ki, daha çox soydaşımız yad təsirlərin altına düşməsin…

Erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər.  Sən özün beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, “mən hüquqlar uğrunda mübarizə aparıram”. Birinci hüququ elə onun özü pozur. Bu baxımdan, onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar “mübarizə”. Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub? Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil.  Həmin insanlar bir kəlmə də olsun Xocalı faciəsindən danışmır. Əksinə, Azərbaycanın əleyhinə təbliğat aparırlar. Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Onlar dövlətimizin ağrılı Qarabağ torpağının işğal altında olmasını, Xocalı kimi bir faciənin yaşanmasını, 1918-ci il mart soyqırımının baş verməsini təbliğ etməlidirlər. Amma bunlar əksinə fəaliyyət göstərirlər. Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə, ermənilər bizim gənclərə və körpələrə qarşı vəhşiliklər ediblər. Bunlardan danışan yoxdur. Tənqid edə bilərlər, amma Azərbaycanın simvollarını təhqir edib, ölkənin milli maraqlarına zidd işlərlə məşğul olmaq düzgün deyil. Söyüş söyməklə etiraz edilmir. Söyüş söymək əxlaqsızlıqdan başqa bir şey deyil. Avropada tərbiyəsizliklər edərək milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də onları müdafiə edənlər heç bir siyasi səmərə əldə edə bilməyəcəklər. Əksinə, onlar Azərbaycan xalqının daha çox nifrətini qazanırlar”

Azərbaycan Ordusu həm hərbi təchizat, həm də kadr potensialına görə Qafqazın ən güclü ordusu olduğu kimi, biz müharibələrin digər formalarında da güclü kadrlar yetişdirməli, yeni informasiya texnologiyalarını tətbiq etməli və bu sahəyə diqqəti maksimum artırmalıyıq. Eyni zamanda, diaspor siyasətimizi elə qurmalıyıq ki, daha çox soydaşımız yad təsirlərin altına düşməsin.

Yeganə Hacıyeva,

Bakı Xəbər Qəzeti,

02.09.2020

Yegana Hajiyeva

Read Previous

Əli silahlı Lukaşenkonun taleyi necə olacaq ?

Read Next

Sistemli gözdənsalma siyasəti təhlükəli hal alıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir