Breaking News :

nothing found
16 April 2021

Almaniyadan Azərbaycana hücumun arxasındakı gizli əllər…

Hədəf Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasının qarşısını almaqdır

Almaniya mediası və bir sıra siyasi dairələri tərəfindən Azərbaycana qarşı yeni hücum başlayıb. Avropanın ən güclü dövlətlərindən biri olan, NATO üzvü Almaniyadan ölkəmizə qarşı başlanan antitəbliğat kampaniyasının haradan və nədən qaynaqlandığı barədə müxtəlif ehtimallar, şərhlər irəli sürülür.

Almaniya Avropa Birliyinin əsas ölkəsi kimi nəzərə alsaq, bu hücum kampaniyası Azərbaycanın Avropa Birliyi ilə mövqeyinə nə kimi təsir göstərəcək?

Son günlər Almaniya mətbuatında Azərbaycana qarşı təşkil olunan əsassız hücumları, ölkəmiz haqqında tirajlanan qərəzli informasiyaları təhlil etdikdə Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasının Almaniyanı niyəsə qane etmədiyi qənaətinə gəlmək olar. Eyni zamanda NATO təlimlərində Azərbaycanın iştirakına Almaniyanın yaratdığı əngəllər də nəzərəçarpan səviyyədədir: “Azərbaycan-Almaniya əlaqələrinin tarixi bağları mövcuddur və bu, XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın ”Siemens qardaşları” firması Gədəbəy rayonu ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi.

Çağdaş dövrümüzdə isə Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya  Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.   Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edir və bu göstərici Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin  70%-ni təşkil edir. Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı hər zaman Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.

Məntiqi olaraq Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verirdi ki, Azərbaycan Avropa Birliyi və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilərdi. Məsələ ondadır ki, Azərbaycan üçün Avroatlantik məkana inteqrasiya və Avropa Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq maraq kəsb edir. Bu istiqamətdə Cənubi Qafqazın ən aparıcı ölkəsi kimi Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətli mesajlar verən Almaniya rəsmilərinin fikirləri belə dəstəyin olacağı anlamına gəlirdi. Amma son illər, xüsusilə keçən il 44 günlük Vətən müharibəsi zamanı və sonrası Almaniyanın Azərbaycana münasibətdə fərqli yanaşmasının şahidi oluruq”.

Almaniyada, kiçik olmasına baxmayaraq, son illər ictimai və siyasi proseslərə geniş təsir imkanları əldə etmiş, mediada və siyasi dairələrdə təmsil olunan ermənilərin Almaniya-Azərbaycan münasibətlərinin pozulması üçün  səfərbər olması diqqəti çəkir. Buna görə də alman mediasında Türkiyə və  Azərbaycana qarşı hücumlar təşkil  olunur. Eyni zamanda Almaniyada ölkə rəsmilərinin əsassız açıqlamaları və alman mətbuatında əsassız ittiham materiallarının yayılması bizdə Almaniyanın 44 günlük Vətən müharibəsi döyüşlərində Azərbaycan Ordusunun qalibiyyətini həzm edə bilməməsi əminliyini yaradır: “Xüsusilə 10 noyabr birgə bəyanatının imzalanmasından sonra Almaniyanın davranışları bir sıra suallara səbəb oldu.

Maraqlıdır,  Almaniya Cənubi Qafqazda ən böyük ticari tərəfdaşı olan, Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından niyə narahat olub? Gürcüstanda fəaliyyət göstərən alman fondları niyə Azərbaycan əleyhinə fəal kampaniya aparır? Almaniya niyə Azərbaycanın NATO və AB ilə əlaqələrinin inkişafına mane olmağa çalışır? Fikirləşirəm ki, azad etdiyimiz torpaqlara səfər edib, oradakı dağıntıları öz gözü ilə görüb şahidlik etmək istəməyən Almaniyanın ölkəmizdəki səfiri Azərbaycan cəmiyyətini narahat edən bu suallara cavab verməlidir”.

Burda onu da qeyd etmək yerinə düşür ki, Almaniyadan öncə Avropa Birliyinin digər üzvü Fransa da 44 günlük Vətən  müharibəsində tutduğu mövqe ilə Avropa Birliyi-Azərbaycan münasibətlərini zədələyən addımlar atdı və bir neçə ay sonra nisbətən düzgün qərarlar verməyə cəhd edir. Ancaq biz artıq Fransadan nə gözləmək olar bunu bilirik və bundan sonrakı addımlar da məhz buna uyğun atılacaq: “Almaniya haqqında isə onu deyim ki, Almaniyanın belə yanaşmasını daha çox iqtisadi maraqlar və ölkə daxilindəki diaspora, casus şəbəkələri və onların siyasi-ictimai proseslərə təsiri ilə izah etmək doğru olardı.

Azərbaycandan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TAP boru kəməri ilə Avropaya nəql edilən təbii qazın həcmi  1 milyard kubmetrə çatıb və bu ancaq 2020-ci ilin dekabr ayından TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində Yunanıstanın Kipri bölgəsindəki qaz stansiyasından Avropaya  nəql edilən qazın həcmidir.

2021 ci ilin iyul ayına kimi  daha 3 ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA”  prosesə qoşulacaq və onda istər nəql ediləcək qazın həcmini, istərsə də bu qazın Avropa bazarında yaradacağı yeni şərtlərin bazarın  digər oyunçularına təsirini təsəvvür etmək çətin deyil. Birmənali olaraq Avropa bazarı bundan daha da sağlamlaşacaq və bu xətt bazarda mövcud qiymətlərə və mövqelərə təsir edəcək. Bundan isə indiyə qədər Avropa qaz bazarının tək monopolisti olan Rusiya və onun alternativ xətlərindəki alman tərəfdaşları narahatdırlar.

Almaniyanın Azərbaycana münasibətinin dəyişməsinin də əsasında məhz alternativ enerji nəqli xətlərində təmsil olunması və bundan doğan rəqabətin yaratdığı qıcıqdır. Almaniyadan Azərbaycana qarşı qərəzli mövqe və hücumlar birmənalı olaraq Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinə təsirsiz ötüşməyəcək.

Avropa Birliyi və Avropa Komissiyası rəsmiləri birliyə üzv ölkələrin davranışlarının birliyin iqtisadi və siyasi maraqlarına zədə vurmasını  müəyyənləşdirməli və bunun qarşısını almaq istiqamətdə addımlar atmalıdırlar. Bu addımlar uzunmüddətli hesabda Avropa Birliyinin bütövlüyünün qorunması üçün də lazım olan addımlardır”.

Digər tərəfdən, Almaniya həm də Rusiya, İran və Çinin casus şəbəkələrinin aktiv fəaliyyət göstərdiyi, 90-cı illərdən sonra Almaniyada kök atmış erməni diasporunun aktiv fəaliyyət göstərdiyi ölkədir və bu şəbəkələrin ölkədəki siyasi-ictimai proseslərə və mediaya geniş təsir imkanları mövcuddur. Almaniyada istər mediada, istərsə də siyasi-ictimai proseslərdə Azərbaycan əleyhinə proseslərdə də bu qrupun geniş təsiri mövcuddur.

Tarixdə I və II Dünya müharibəsinin əsas baiskarlarından olan, irqçiliyin ideoloji mərkəzi sayılan, islamafobiyanın tüğyan etdiyi Almaniyada Azərbaycana qarşı yeni hücum dalğasının əslində görünməyən tərəfləri var. Çünki hər şey özbaşına baş vermir. Necə deyərlər, “alman maşını”nı hərəkətə gətirən qüvvə var və sükan arxasında almanlar görünsə də onlar o almanlardır ki, Rusiyadakı  dairələrdən idarə olunurlar.

Prezident İlham Əliyevin dediyi kimi, regionda böyük siyasi, iqtisadi dəyişikliklər baş verməkdədir. Əlbəttə, Cənubi Qafqazda sürətlə baş verən proseslər tam mənası ilə regional güc olan Rusiyanın ürəyincə deyil. Üstəlik, Azərbaycanın iqtisadi gücünün artmasına səbəb olan TAP və TANAP layihələrinin gerçəkləşməsi Rusiyanı narahat edir. Almaniyada Rusiyaya bağlı çox ciddi şəbəkə mövcuddur. Bu şəbəkəyə media orqanları, siyasətçilər, QHT-lər, siyasi analitiklər, iş adamları daxildir. Rusiya gizli şəkildə məhz həmin şəbəkəni istənilən vaxt istədiyi ölkəyə qarşı kampaniyaya istiqamətləndirir. İndi də Azərbaycanın hədəfə alınması Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra güclənməsinin, Avropa Birliyi ilə münasibətlərinin dərinləşməsinin qarşısını almaq məqsədi güdür.

Yeganə Hacıyeva,

29 Mart 2021 ci il ,

 

Yegana Hajiyeva

Read Previous

“Rusiyanın Paşinyanı”: “Navalnını meydana atan güc…

Read Next

“Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də səssiz qalırlar”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir