Breaking News :

nothing found
17 May 2021

Aİ-Azərbaycan sazişi bir daha gündəmdə …

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son zamanlar yenidən gündəmə gəlib. Eyni zamanda Aİ-Azərbaycan arasında “ Tərəfdaşlıq Sazişi” proqramı çərçivəsində bağlanması hər an gözlənilən sazişin yubanması da daim müzakirə mövzusudur.  Sanki bu sazişin baş tutmamasına mane olan gözəgörünməyən qüvvələr var.

Son günlərdə Aİ-nin ən odioz ölkəsi olan Almaniya ilə münasibətlərin gərginləşməsi də bu münasibətlərdə daha bir istiqamət açıb.

Məlumdur ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi qalır, amma siyasi dəstək hiss edilmir kimi görsənir.

Bunun səbəblərini açıqlasaq öncə qeyd etməliyəm ki, Avropa Birliyi üçün Azərbaycan Cənubi Qafqaz regionunun açar ölkəsi və Avropa qitəsinin  enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik və ən əsası, Cənubi Qafqaz regionunda sabit və etibarlı tərəfdaşıdır.

Bu strateji xətt üzrə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir. Azərbaycan  ittifaqın 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir.

Ölkəmizlə münasibətlər  ikitərəfli formatdan kənarda, Avropa İttifaqı üçün həm də Cənubi Qafqazda özünün dayanıqlı mövcudluğuna xidmət etdiyi üçün hərtərəfli dərin münasibətlərin yaranması, yeni sahələrdə əlaqələrin formalaşması və inkişaf etdirilməsi prioritet mövzudur.

Birmənalı olaraq Avropa İttifaq üçün Azərbaycanla möhkəmlənən münasibətlər birliyin strateji Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən əsaslarını formalaşdırır.

Burda onu da qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində işlənən yeni saziş tərəflər üzərində maksimum diqqət və məsuliyyət tələb edən bir prosesdir.

Belə ki, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında müzakirə edilən bu saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan, 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləmək niyyəti güdür.

Son iki il Aİ və Azərbaycan arasında münasibətlərin  möhkəmlənməsi, tərəflər  arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması üçün məhsuldar bir il kimi yadda qalsa da,  son aylar Azərbaycanla Avropa İttifaqı  arasında strateji sazişlə bağlı prosesdə dinamika müşahidə olunmur.

44 günlük Vətən müharibəsi isə Avropa İttifaqı ilə münasibətlərdə, ümumiyyətlə, dəyişdirdiyi bir neçə məqam oldu. Burada bir haşiyə açım ki, tərəflər arasında təmasların bütün mərhələlərində ittifaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə həmişə ifadə edib.

Qarabağ münaqişəsinin həlli  Aİ-nin  cənub-şərq sərhədlərində bir çox parametrlər: enerji, nəqliyyat və tranzit məsələləri üzrə iqtisadi vacib element, nəzarətsiz ərazilərdən müxtəlif növ çirkli daşınmalar: silah, miqrant, terrorizm, narkotik tranziti  və s. mövzularda  üzrə isə təhlükəsizlik məsələləri üzrə vacib element idi.

Aİ-nin xarici və təhlükəsizlik siyasətinin mühüm bir bəndi, Qarabağ münaqişəsinin həlli ətrafında təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyi haqda razılaşmanı özündə ehtiva edirdi.

Yəni Avropada 44 günlük Vətən müharibəsindən  narahat olanlar Avropa İttifaqının siyasi və təhlükəsizlik dairələri deyil, iqtisadi dairələrdə təmsil olunan qruplardır.

Avropa İttifaqı və Azərbaycan münasibətlərində siyasi dəstək mövzusu haqqında danışırıqsa bunu da qeyd etməliyik ki, bu siyasi dəstək mövcuddur və bu dəstəyin bundan daha yüksək ifadəsinə, sadəcə,  ehtiyac yoxdur,  bu özünü proseslərdə  büruzə verir.

Digər tərəfdən, Azərbaycan  Aİ ilə münasibətlərin siyasi bərabərlik əsasında qurulmuş bir sazişdə maraqlıdır. Avropa İttifaqı da üzv dövlətlərin üçdə birindən çoxu ilə artıq strateji tərəfdaş olan, strateji coğrafi önəm daşıyan cənub-şərqi qonşusu ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir.

Aİ ilk dəfə olaraq, Ümumdünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlir. Bunun üçün Azərbaycan və Aİ ÜTT-yə daxil olanadək bu təşkilatdakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılması üzərində işləyirlər. Ən əsası isə işlənən bu yeni saziş Aİ üçün gələcəkdə Mərkəzi və Şərqi Asiya ölkələri və Çinlə transkontenental iqtisadi əməkdaşlıq proqramlarında baza rolunu oynaya biləcək bir mexanizm kimi nəzərdə tutulur.

Aİ-nin iqtisadi nəhəng Almaniyanın  Cənubi Qafqazda ən böyük ticari tərəfdaşı, Aİ  enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünün, BMT Təhlükəsizlik Şurası qətnamələri çərçivəsində bərpasında sərgilədiyi mövqe siyasi və hüquqi baxımdan anlaşılmaz, iqtisadi baxımdan yanlış, ikitərəfli münasibətlərin tarixi və gələcəyi baxımından məyusedicidir.

Əlbəttə, biz Almaniyanın belə yanaşmasını daha çox iqtisadi maraqlar və ölkə daxilindəki lobbi və diaspora, casus şəbəkələri və onların siyasi-ictimai proseslərə təsiri ilə izah edə bilərik, amma bu çox şeyi dəyişmir. Almaniyanın Azərbaycana münasibətinin dəyişməsinin də əsasında məhz alternativ enerji nəqli xətlərində təmsil olunması və bundan doğan rəqabətin yaratdığı qıcıqdır. 2021-ci ildə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropaya 22,2 milyard kubmetr qaz nəqliyyatı nəzərdə tutulur ki, bunun 5 milyard kubmetr Azərbaycanın payına düşür.

Azərbaycandan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TAP boru kəməri ilə Avropaya nəql edilən təbii qazın həcmi  artıq 1 milyard kubmetrə çatıb və bu ancaq 2020-ci ilin dekabr ayından TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində Yunanıstanın Kipri bölgəsindəki qaz stansiyasından Avropaya  nəql edilən qazın həcmidir.

2021-ci ilin iyul ayına kimi  daha 3 ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA”  prosesə qoşulacaq və onda istər nəql ediləcək qazın həcmini, istərsə də bu qazın Avropa bazarında yaradacağı yeni şərtlərin bazarın  digər oyunçularına təsirini təsəvvür etmək çətin deyil. Birmənali olaraq Avropa bazarı bundan daha da sağlamlaşacaq və bu xətt bazarda mövcud qiymətlərə və mövqelərə təsir edəcək. Bundan isə indiyə qədər Avropa qaz bazarının tək monopolisti olan Rusiya və onun alternativ xətlərindəki alman tərəfdaşları narahatdırlar”.

 Cənubi Qafqaz regionunda böyük siyasi, iqtisadi dəyişikliklər baş verməkdədir və bu dəyişikliklərin aparıcı qüvvəsi Azərbaycandır və  “Cənubi Qafqazda sürətlə baş verən proseslər  Rusiyanın ürəyincə deyil. Azərbaycanın iqtisadi gücünün artmasına səbəb olan TAP və TANAP layihələrinin gerçəkləşməsi Rusiyanı narahat edir. Almaniyada Rusiyaya bağlı  media orqanları, siyasətçilər, QHT-lər, siyasi analitiklər, iş adamları mövcuddur, Rusiya gizli şəkildə məhz həmin şəbəkəni istənilən vaxt istədiyi ölkəyə qarşı kampaniyaya istiqamətləndirir. İndi də Azərbaycanın hədəfə alınması Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra güclənməsinin, Avropa Birliyi ilə münasibətlərinin dərinləşməsinin qarşısını almaq məqsədi güdür.

Almaniyadan Azərbaycana qarşı qərəzli mövqe və hücumlar birmənalı olaraq Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinə təsirsiz ötüşməyəcək. Avropa Birliyi Cənubi Qafqaz regionda baş verən  böyük siyasi, iqtisadi dəyişikliklərdə iştirak etməlidir və bunun üçün də bu  dəyişikliklərin aparıcı qüvvəsi Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq ruhuna uyğun qurmalı və narahatlıqları aradan qaldırmalıdır”.

Yegana Hajiyeva

Read Previous

Avropa İttifaqının qeyri-müəyyən gələcəyi…

Read Next

BMT post-Qarabağ münaqişəsi dövründə nə iş görməlidir ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir