Breaking News :

nothing found
24 Oktyabr 2021

Siyasi məsuliyyətsizlik, yoxsa məqsədyönlü təxribat?

ABŞ-ın Ermənistandakı səfiri Linni Treysi İrəvanda qərəzli açıqlamalar verib. Azərbaycanın rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin bitdiyini, tarixə qovuşduğunu bəyan etməsinə baxmayaraq, səfir Linni Treysi bu mövqeyə zidd olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin yenidən canlandırılması təşəbbüsü ilə çıxış edib. O, həmçinin qondarma status məsələsini gündəmə gətirməklə beynəlxalq hüquq normalarına zidd mövqe ifadə edib.

Xarici İşlər Nazirliyi  bildirib ki, ABŞ-ın Ermənistandakı səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir: “Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”.

ABŞ-ın İrəvandakı səfiri Linni Treysi mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinə səfərlər edir, bu səfərlərdə dövlət sərhədi boyu Azərbaycan ordusunun mövqelərinin müşahidəsini aparır, Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını ifadə edir. Dəfələrlə ABŞ-ın İrəvandakı səfiri Linni Treysi tərəfləri ən qısa zamanda Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb, dəfələrlə də status ilə bağlı müzakirələrin aparılması üçün təşəbbüslər irəli sürüb və s.

Bu istiqamətdə səfir Treysin canfəşanlığı digər həmsədr ölkə Fransanın səfirinin açıqlamalarını da keçir. Bir sözlə, Minsk qrupu ölkələrinin Ermənistandakı səfirləri özlərini, sanki, bir ölkənin səfiri kimi deyil, Cənubi Qafqazdakı nümayəndəsi kimi görürlər. Verdikləri mesajlar isə, sanki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dilindən səslənir kimi görünür.

ABŞ-ın Ermənistandakı səfirinin Qarabağın gələcək statusu ilə bağlı səsləndirdiyi fikirlərin  əsası yoxdur, çünki konfliktin həllində tək işlək format olan 10 noyabr razılaşmasında Qarabağdakı ermənilərə statusun verilməsilə bağlı bənd yoxdur.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı.  Bu isə həm də onun səylərini dəstəkləyən instansiyaları da prosesdən kənarda qoymaq idi.

ATƏT-in Minsk formatı həm də ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulurdu. Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. 28 ildən sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu.

Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terrorlar həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu cinayətləri görməzdən gəldi.

Bütün bunlar qeyd etdiyim kimi, ATƏT-in Minsk qrupunun üzvlərinin deyil, həm də onların səylərini dəstəkləyən instansiyaların reputasiyasına zərbə vurdu.

Konkret status haqqında danışırıqsa, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Prezident İlham Əliyev Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyü ilə bağlı dəfələrlə fikrini söyləyib.

Azərbaycan quruluşuna görə unitar dövlətdir və ölkəmizdə vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyət mövcuddur. Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi və ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası və vahid hüquqi sistem mövcuddur.

Ərazinin istənilən xüsusi statusu konstitusion əsaslarda müəyyənləşə biləcək bir qərardır, burada yalnız konstitusion əsaslar və referendum rol oynaya bilər. Bu proses isə başlamadan bitib, Qarabağ Azərbaycanın iqtisadi rayonlarının siyahısına əlavə olunub.

ABŞ-ın İrəvandakı səfiri Linni Treysin status haqqında açıqlaması beynəlxalq hüquqla təmin olunan, ölkələrin hüquqi quruluşuna dair suveren qərarvermə proseslərinə uğursuz təsir cəhdləridir.

Yeganə Hacıyeva,

04.09.2021

Yegana Hajiyeva

Read Previous

İrəvanın açarı Bakının əlindədir” – Gorus-Qafan yolu haqqında ƏSAS MƏQAMLAR

Read Next

İsraildə səfirliyimiz açılsa, Tehran daha da aqressivləşəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir